
Böyük Britaniyanın neft-qaz transmilli BP şirkəti Azərbaycanda neft hasilatı ilə yanaşı, gələcəkdə Qarabağ yatağında qaz ehtiyatlarının işlənməsi imkanlarını nəzərdən keçirməyi planlaşdırır. Bu barədə Bakı Enerji Konfransında Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə maliyyə üzrə vitse-prezident Kolin Allan bildirib.
“Hazırda biz əsas diqqəti bu yatağın neft ehtiyatlarının işlənməsinə yönəltmiş olsaq da, burada da qaz ehtiyatları aşkar edilib, gələcəkdə onların işlənməsi imkanlarını nəzərdən keçirəcəyik”, – o qeyd edib.
Daha əvvəl BP-nin ixrac və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell bildirib ki, şirkət 2029-cu ildə “Qarabağ” yatağında ilk neft hasilatına başlamağı planlaşdırır.
“British Petroleum” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Qarabağ” yatağı və “Aypara-Dan Ulduzu-Əşrəf” perspektiv yataqlarında 35 faiz paya, qalan 65 faiz isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.
2024-cü il sentyabrın 20-də SOCAR və BP arasında iki dəniz platforması: Qarabağ neft yatağı və Xəzər dənizinin Azərbaycan sektorundakı Aypara-Dan Ulduzu-Əşrəf strukturu üzrə anlaşma memorandumu imzalanıb.
Qarabağ yatağı Bakıdan 120 km şərqdə, Xəzər dənizindəki Günəşli yatağından 20-25 km aralıda və 150-200 metr dərinlikdə yerləşir.







