
Alınan məlumata görə, bu haqda Ermənistan Parlamentində çıxışı zamanı ER Xİ naziri Ararat Mirzoyan bəyan edib.
O, Ermənistan ilə ABŞ arasında imzalanmış strateji tərəfdaşlıq sənədinin bir müddəasına toxunaraq qeyd edib ki, sənədə əsasən, Amerika gömrük və sərhəd mühafizə komandası Ermənistana gəlməlidir ki, sərhəd təhlükəsizliyi sahəsində imkanların artırılmasına dəstək versin.
“Burada söhbət bizim sərhəd-keçid məntəqələrinin idarə olunması mexanizmlərinin, imkanlarımızın genişləndirilməsi və təkmilləşdirilməsindən gedir.
Bu, texniki proseslərlə bağlıdır, Ermənistan sərhəd xidmətlərinin imkanlarının artırılması ilə əlaqədardır. Bunun altında başqa bir məna axtarmağa ehtiyac yoxdur. Bu komanda hələ Ermənistana gəlməyib” – deyə Ararat Mirzoyan bildirib.
2025-ci il yanvarın 14-də Vaşinqtonda Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq xartiyasının imzalanması mərasimi zamanı ABŞ-ın dövlət katibi Entoni Blinken bəyan etmişdi ki, qarşıdakı həftələrdə Amerika gömrük və sərhəd mühafizə komandası Ermənistana göndəriləcək və sərhəd təhlükəsizliyi imkanlarının inkişafına dəstək göstərəcəkdir.







