Malta məhkəməsi Əliyevin qızının qalmaqalından yazan jurnalistin qətli ilə bağlı iki nəfəri ömürlük həbs cəzasına məhkum edib

İki kişi, maltalı jurnalist Dafne Karuana Qalisiyanın qətlində iştiraklarına görə ömürlük həbs cəzasına məhkum edilib. Bu barədə Associated Press agentliyi məlumat yayıb.
Karuana Qalisiyanın ölümünə səbəb olan bombanın hazırlanması ilə bağlı Ceymi Vella və Robert Agiusa ittiham irəli sürülüb. Hər iki şəxs keçən həftə irəli sürülən ittihamlarla bağlı günahkar bilinib və çərşənbə axşamı maksimum cəza — ömürlük həbs cəzası alıb.
Digər iki kişi — Corc Dejorcio və Adrian Agius isə cümə axşamı günü günahkar biliniblər və qətl hadisəsinə görə ömürlük həbs cəzasına məhkum ediliblər.
Corc Dejorcio və onun qardaşı Alfred Dejorcio 2022-ci ildə Karuana Qalisiyanın qətlində günahkar bilinmişdi. Onların hər biri 40 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Üçüncü şəxs — Vinsent Muskat isə 2021-ci ildə Karuana Qalisiyanın qətlində iştirakına görə günahkar bilinmiş və 15 il həbs cəzası almışdı.
O, son vaxtlar baş tutan böyük jüri məhkəməsində ifadə verib. Bu ifadəni isə prezident tərəfindən bağışlanma müqabilində, Çirkopun qətlindəki rolunu və bütün həqiqətləri tam danışmaq şərti ilə verib.
Maltanın tanınmış iş adamı Yorqen Feneç hal-hazırda Karuana Qalisiyanın qətlinə ehtimal olunan şərikliklə bağlı məhkəməni gözləyir və zaminə buraxılıb.
53 yaşlı Karuana Qalisia 2017-ci il oktyabrın 16-da evinin yaxınlığından keçən avtomobilə yerləşdirilmiş bombanın partlaması nəticəsində qətlə yetirilib.
Jurnalist Maltanın siyasi və işgüzar dairələrindəki korrupsiya şübhələri barədə geniş yazılar yazırdı. Onun qətli Avropanı sarsıtmış və Maltada kütləvi etirazlara səbəb olmuşdu.
Ölüm zamanı onun barəsində 40-dan çox böhtan iddiası üzrə məhkəmə işi mövcud idi.
Qeyd edək ki, Dafne Karuana Qalisia “Panama sənədləri” və bu sənədlərdə ölkə baş nazirinin adının hallanması ilə bağlı araşdırmaları ilə tanınırdı.
O, həmçinin Azərbaycanın prezidentinin qızı Leyla Əliyevanın Maltanın Baş naziri Cozef Muskatla əlaqəli ofşor qalmaqalındakı rolu haqqında da yazmışdı.







