
İrandakı sionist agentlərin çoxu həbs olunub və onlardan istifadə olunması onu göstərir ki, qorxaq İsrail İranla birbaşa münaqişəyə girmək iqtidarında deyil. Bunu iyunun 17-də jurnalistlərlə söhbətində İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani deyib.
“Bizim əlimizdə müəyyən ölkələrin bu hərəkətlərdə iştirak edə biləcəyinə dair dəlil yoxdur. Amma biz araşdırma aparacağıq. Və müəyyən ölkələrin bu hərəkətlərdə sionist rejimi dəstəklədiyi qənaətinə gəlsək, bu, İranla bu ölkələr arasında münasibətlərə təsir edəcək”, – o qeyd edib.
Sobhani deyib ki, İran hər kəslə, o cümlədən Azərbaycan hökuməti ilə əlaqə saxlayır. “Bizi maraqlandıran məsələlər barədə danışmışıq, həmçinin mümkün narahatlıqları barədə də danışmışıq və müzakirə edəcəyik”, – səfir əlavə edib.
Onun sözlərinə görə, Azərbaycan təcavüzkarın hərəkətlərini pisləyib. “Dövlətlərin rəsmi mövqeyi bizim üçün vacibdir”, – diplomat yekunlaşdırıb.







