Kostanyan: “İƏT bəyannaməsini imzalayan bəzi dövlətlər əmin edirlər ki, bu bəyannamə onların mövqeyinə uyğun gəlmir”

Ermənistan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) son nazirlər konfransı çərçivəsində qəbul edilmiş “İstanbul Bəyannaməsi”ndə və Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş qətnamələrdə yer alan ifadələrlə bağlı təşkilatın bəzi üzv dövlətləri ilə müzakirələr aparır.
Bu ölkələrin bir qismi həmin sənəddəki bəzi ifadələrin onların rəsmi mövqeyinə uyğun gəlmədiyini təsdiqləyir.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin müavini Vahan Kostanyan hökumət iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.
Kostanyan vurğulayıb ki, Azərbaycanın belə təşəbbüsləri Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesinə konstruktiv təsir göstərmir.
O, qeyd edib: “Bildirmək istəyirəm ki, İslam Əməkdaşlıq Təşkilatının bəzi üzv dövlətləri ilə bu günlərdə müzakirələr aparılır; onların bir qismi təsdiqləyir ki, həmin sənəddə yer alan bəzi ifadələr onların rəsmi mövqeyinə uyğun deyil”.
ER Xarici işlər nazirliyi bundan öncə İƏT-in İstanbulda keçirilən nazirlər konfransı çərçivəsində qəbul etdiyi bəyannaməni və Azərbaycanın təşəbbüsü ilə qəbul olunmuş qətnamələri qınayan bəyanat yayıb.
Bəyanatda vurğulanır ki, həmin sənədlərdəki ifadələr Cənubi Qafqazda sülhün təmin olunması məntiqinə ziddir.







