BaşlıcaSiyasət

Ararat Mirzoyan: “Sülh bizim həqiqətən inandığımız şeydir: bizim yanaşmalarımız ÇXR-in yanaşmalarına çox yaxındır”

Artıq konkret nəticələr əldə etmişik, xüsusilə qarşılıqlı iqtisadi və ticarət əlaqələri sahəsində. Məsələn, keçən ilə nisbətən qarşılıqlı ticarət həcmi 700 milyon dollar artıb.

 Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan bunu Çinin Mərkəzi Televiziyasına (CGTN) müsahibəsində qeyd edərək Ermənistan-Çin münasibətlərinə toxunub.

“Biz həmçinin İrəvan-Ürümçi arasında birbaşa uçuşlara başlamışıq. Beləliklə, biznes əlaqələri artır, ticarət, xalqlar arası münasibətlər, mədəni əlaqələr inkişaf edir, siyasi dialoq da fəal davam edir.

 Və bu, hələ münasibətlərimizin inkişafının bütün potensialı deyil. Mənim həmkarım, nazir Van Yi ilə birlikdə biz münasibətlərimizin strateji xarakterini, qlobal siyasətə yanaşmalarımızın oxşarlığını, beynəlxalq platformalarda əməkdaşlığımızı və ikitərəfli gündəliyi müzakirə etdik.

Bu, münasibətlərimizdə yeni səhifə ola bilər və mən əminəm ki, yaxın aylarda konkret nəticələr görəcəyik”— deyə o, bildirib.

İran-İsrail son münaqişəsinə toxunaraq, o qeyd edib: “Ermənistan İrana qonşu dövlətdir və biz ciddi narahat olduq və öz mövqeyimizi bildirdik.

İrana hücumu daha ilk gündə tək tərəfli qüvvə tətbiqini pislədik. Yeri gəlmişkən, bizim mövqeyimiz Şanxay Əməkdaşlıq Təşkilatının sonradan ifadə etdiyi yanaşmaya olduqca yaxın idi.

Bu, təkcə bizim İranla dostluq münasibətlərimizə görə deyil, həm də mümkün təhlükəni, o cümlədən nüvə çirklənməsi riskini nəzərə alaraqdir.

Bir daha vurğulamaq istəyirəm ki, Ermənistan sərhəd qonşusudur. Biz ciddi narahat idik və indi atəşkəs elan olunduğunu görürük. Ümid edirik ki, o qorunacaq və bütün məsələlər diplomatik yolla, danışıqlar vasitəsilə həll olunacaq.

Biz regionda sülhün bərqərar olmasında maraqlıyıq. Son illərdə müharibə ilə üzləşmiş ölkə kimi biz təkcə öz sərhədlərimizdə deyil, digər regionlarda və bütün dünyada sülh istəyirik.

Və bu mənada, bizim anladığımız kimi, bizim yanaşmalarımız ÇXR-in yanaşmalarına çox yaxındır.

Bizim sülh gündəlimiz var və bu Ermənistan Respublikasının prioritetlərindən biridir. Biz Azərbaycanla danışıqlar aparırıq.

Sülh sazişinin layihəsi ilə bağlı razılığa gəlmişik. İndi bu sazişi imzalamağa və sonra təsdiq etməyə hazırıq. Biz həmçinin qonşumuz Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışırıq.

Beləliklə, sülh bizim həqiqətən inandığımız şeydir. Və bir daha vurğulayıram ki, biz Çin yanaşmasını, ÇXR-in siyasətini də belə başa düşürük.

Və xatırlayırıq ki, Çin də Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsi ilə bağlı razılığı alqışlayıb və sülh danışıqlarına və münasibətlərin normallaşdırılmasına dəstək verir.

Əgər beynəlxalq münasibətlərə daha geniş baxsaq, ərazi bütövlüyünün pozulması və beynəlxalq hüquq normalarının pozulması təkcə Ermənistan üçün deyil, bizim anladığımız kimi, Çin və bütün bəşəriyyət üçün də əlverişsizdir.

Əgər ümumi məqsəd beynəlxalq hüququn bərpası, çoxqütblü dünyanın gücləndirilməsidirsə, biz bu yanaşmanı tamamilə dəstəkləyirik”.

Daha çox göstər
Back to top button