
Azərbaycan prezidenti İlham Əliyev Ermənistanla sülhün bərqərar olmasında xüsusi maraqlı deyil. Tərəflər arasında sülh yalnız Azərbaycana kənardan təzyiqlə əldə edilə bilər.
Bu barədə “Armenpress”in müxbirinə müsahibəsində İsveçrə Milli Şurasının üzvü Stefan Müller-Altermat Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və tərəflər arasında sülh sazişinin imzalanması perspektivlərindən danışarkən bildirib. Deputat Bakının Ermənistanla tezliklə sülh sənədi imzalamaq ehtimalının nə dərəcədə olması sualına toxunaraq qeyd edib ki, bununla bağlı böyük illüziyalara ehtiyac yoxdur, çünki Azərbaycan prezidenti İlham Əliyev Ermənistanla sülhün bərqərar olmasında xüsusi maraqlı deyil.
“Yəqin ki, Azərbaycanın niyyətləri ilə bağlı çox illüziyaya qapılmamaq daha yaxşıdır. İlham Əliyev sülhdə maraqlı deyil. Əksinə, Ermənistan ona düşmən kimi lazımdır ki, öz gücünü gücləndirsin və öz xalqının hüquqlarının pozulmasına haqq qazandırsın”, – isveçrəli deputat vurğulayıb.
Onun fikrincə, Ermənistan ümid edə bilər ki, Azərbaycanla Rusiya arasında münasibətlərdəki son gərginlik, eləcə də İsrail-İran müharibəsi Bakıya təsir göstərə bilər. “Nəhayət, Ermənistanla Azərbaycan arasında sülh yalnız Azərbaycana kənardan təzyiq etməklə əldə edilə bilər”, – isveçrəli deputat vurğulayıb.







