BaşlıcaSiyasət

Biz Ermənistanın Qərb dövlətləri ilə əlaqələrini İrana qarşı addım hesab etmirik: Sobhani

İran müstəqil ölkədir və İran xarici siyasətin şaxələndirilməsini Ermənistan Respublikasının təbii hüququ hesab edir. Ermənistan Respublikası ilə münasibətləri şaxələndirən tərəflərdən biri də İranın özü idi.

Bu barədə İran İslam Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani Ermənistanın İctimai TV-yə müsahibəsində bildirib.

“Biz Ermənistanın adını çəkdiyiniz ölkələrlə əlaqələrinin inkişaf etdirilməsi imkanını İrana qarşı atılan addım kimi qiymətləndirmirik. Ermənistan sadəcə olaraq, öz ölkəsinin mənafeyi naminə münasibətlərini müxtəlif yollarla şaxələndirməyə çalışır. Ermənistan müstəqil ölkədir, biz Ermənistana deyə bilmərik ki, bu ölkə ilə əlaqələri olsun, bu ölkə ilə münasibəti olmasın. Sadəcə olaraq, bizim fikrimizcə, Ermənistanın xarici əlaqələrinin inkişafı İranla da münasibətlərə kömək etməlidir.

Hazırda Meğri gömrükxanasında biz Avropa bankları vasitəsilə maliyyələşdirilən layihəni həyata keçiririk.

Biz Ermənistanın Avropa və digər ölkələrlə olan yaxşı münasibətlərindən İranla əlaqələrini inkişaf etdirmək üçün istifadə etməsini gözləyirik. Və qeyd etməliyəm ki, Ermənistan Respublikası hökuməti bizi əmin etdi ki, xarici əlaqələrin inkişafı İran-Ermənistan münasibətlərinə zidd deyil və onları zəiflətmək məqsədi daşımır.

Biz erməni dostlarımıza güvənirik və Ermənistan hökuməti İranla münasibətlərini çox incə şəkildə qoruyur, çünki baş verənlər hər iki ölkənin və hər iki xalqın maraqlarına uyğundur.

Bu, iki ölkə arasında ticarətin inkişafına, iqtisadi əlaqələrin fəallaşmasına, turizm sektorunun inkişafına, mədəni əməkdaşlığın inkişafına töhfə verir və bütün bunlar həm İran, həm də Ermənistan iqtisadiyyatlarının inkişafına kömək edir”, – səfir bildirib.

Daha çox göstər
Back to top button