
ABŞ prezidenti Donald Tramp cümə günü Ağ Evdə Ermənistanın baş naziri Nikol Paşinyanı və Azərbaycan prezidenti İlham Əliyevi qəbul etməyə hazırlaşır. Bu barədə Azərbaycanın Turan agentliyinin Vaşinqtonda yerləşən keçmiş müxbiri Aleks Raufoğlu məlumat verib.
“Bir neçə mənbə mənə təsdiq edir ki, Ermənistan və Azərbaycan bu həftənin sonunda Vaşinqtonda sülhə nail olmaq niyyətlərini bəyan etməyə hazırdırlar. Mənbələr mənə dedilər ki, Tramp gözlənildiyi kimi cümə günü Nikol Paşinyanı və İlham Əliyevi Ağ Evdə qəbul edəcək”, – Raufoğlu özünün X mikrobloqunda qeyd edib.
Azərbaycanlı jurnalistin yaydığı məlumatı Azərbaycanın iqtidaryönlü Haqqin.az saytı da yayıb. Rəsmi Yerevan hələlik bu məlumatı şərh etməyib.
Xatırladaq ki, Nikol Paşinyanla İlham Əliyev sonuncu dəfə iyulun 10-da Abu Dabidə danışıqlar aparıb.
“Reuters” agentliyi bu yaxınlarda öz mənbələrinə istinadən xəbər verib ki, Tramp Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə İbrahim razılaşmalarına qoşulmalarını müzakirə edir. Lakin ABŞ İbrahim razılaşmasına qoşulmaq üçün Azərbaycanın qarşısında şərt qoyur, ondan Ermənistanla münasibətləri normallaşdırmağı tələb edir. KİV qeyd edib ki, bu məsələ Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun mart ayında Bakıya səfəri zamanı müzakirə olunub və bundan sonra Vitkoffun köməkçisi Arye Laytstoun yazda Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.
Əlavə edək ki, İbrahim sazişləri 15 sentyabr 2020-ci ildə Donald Trampın prezidentlik dövründə ilk dəfə olaraq İsrail, Birləşmiş Ərəb Əmirlikləri, İsrail və Bəhreyn arasında imzalanmış Ərəb-İsrail münasibətlərinin normallaşdırılmasına dair ikitərəfli sazişlərdir. Sənədə əsasən, ölkələr diplomatik əlaqələr qurur və bir-birinin suverenliyini tanıyır.







