
İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının keçmiş üzvü Mahmud Əhmədi Bigeş İran hakimiyyətinin Qarabağ münaqişəsinə dair əvvəlki mövqeyini tənqid edərək, onu strateji səhv adlandırıb.
Bu barədə Eghtesad120.ir xəbər verir.
Onun sözlərinə görə, Tehran nə birinci, nə də ikinci Qarabağ müharibəsində bu qədər açıq şəkildə Azərbaycanın tərəfində olmamalı idi, çünki bu, Ermənistanın etimadının itirilməsinə səbəb olub.
“Əgər biz Ermənistanın və ya Qarabağın yerində olsaydıq, İrana etibar edə bilərdikmi? Mən deyərdim – yox, heç bir halda etibar etməzdik” – deyə Əhmədi Bigeş bildirib.
O, qeyd edib ki, İran bu münaqişədə neytral qalmaq imkanına malik idi, xüsusilə də nəzərə alaraq ki, “Zəngəzur dəhlizi” adlandırılan məsələ ilə bağlı qərarı hər halda Ermənistan özü verirdi.
“Biz boz zonada qala bilərdik. Bəs niyə başqa cür davrandıq? Niyə ölkənin beş əsas vilayətinin cümə imamları İlham Əliyeyə dəstək ifadə edən birgə bəyanat verdilər? Bu qərarı kim verdi?” – deyə siyasətçi sual edib.
Əhmədi Bigeş vurğulayıb ki, bu cür mövqe bu gün İrana kursunu dəyişməyə və bölgədə balansı bərpa etməyə mane olur. O, qeyd edib ki, yaranmış vəziyyət İsrail və ABŞ kimi xarici güclərin xeyrinə işləyir:
“İndi çalışın izah edin ki, bu, farslarla türklər arasında müharibə deyil, haqqla ədalətsizlik arasındakı mübarizədir. İsrail gəlib – və o, bizi məhv etmək istəyir. ABŞ da buradadır, amma heç kim onları ciddi qəbul etmir. Biz isə, öz davranışımızla, hər şeyi korladıq”.
Çıxışının sonunda o əlavə edib:
“Mən ümidsizlik yaymaq istəmirəm, amma başa düşməliyik: Ermənistandan biz daha çox şey gözləyə bilərdik – əgər özümüz heç olmasa neytrallığımızı qoruyub saxlasaydıq”







