
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əmir Moğadam Azərbaycanın “sionist rejim” və ABŞ ilə əməkdaşlığı, bu ölkənin həbsxanalarında iranlı məhbusların təqib edilməsi və İranın milli maraqlarına təhlükə yaradan “Zangezur dəhlizi” layihəsindən danışıb, Tabnak yazır.
Onun sözlərinə görə, Azərbaycanda iranlı məhbuslar “qeyri-insani və qərəzli” rəftarla üzləşirlər ki, bu da təkcə insan hüquqları qanunlarına zidd deyil, həm də cinayətdir.
O əlavə edib: “İran hökuməti bu hərəkətlərə daha qətiyyətlə cavab verməlidir”.
Millət vəkili Azərbaycanın ABŞ və “sionist rejimin” dəstəyi ilə həyata keçirməyə çalışdığı “Zangezur dəhlizi” layihəsi barədə də xəbərdarlıq edib və bunun regional təhlükəsizliyə və İranın maraqlarına birbaşa təhdid ola biləcəyini bildirib.
Moğadam vurğulayıb: “Zangezur dəhlizinin işə salınması məsələsi hələ həll olunmayıb, lakin amerikalılar onu yaxından izləyir və bu layihəni mümkün qədər tez həyata keçirməyə çalışırlar. Parlament bunun qarşısını almaq üçün bütün imkanlarından istifadə edib, lakin əsas rol fəal diplomatiya yolu ilə İranın düşmənlərinin məqsədlərinin həyata keçirilməsinə mane olan hökumətə məxsusdur”.







