
İctimai Radio ilə müsahibəsində Ermənistan Xarici İşlər nazirliyinin müavini Vahan Kostanyan bildirdi ki, Vaşinqtonda imzalanmış bəyanat və strateji tərəfdaşlığın möhkəmləndirilməsi ABŞ-ın yüksək səviyyəli rəhbərliyi tərəfindən əlavə təminat alır.
Kostanyanın sözlərinə görə, Bayden administrasiyasından Tramp administrasiyasına keçid zamanı ABŞ-ın yeni rəhbərliyi ilk yüksək səviyyəli görüşlərdən birində Ermənistanla strateji tərəfdaşlıq formatının qorunmasını təsdiq edib.
“Dünən imzalanmış üç vacib sənəd bu formata məzmun baxımından əlavələr etdi”- deyə o, qeyd edib.
Sənədin həyata keçirilməsində mümkün risklər barədə danışarkən, Kostanyan vurğuladı ki, bu sənəd əvvəlkilərdən fərqlidir, çünki ABŞ-ın yüksək səviyyəli rəhbərliyi tərəfindən qeyd olunub və təminat verilib.
“Ermənistan əvvəlki dövrlərdə olduğu kimi, bu gün də sülh gündəliyini irəli aparmaq üçün daha çox səy göstərir, bu da Cənubi Qafqazda sabitlik təmin etməli və Ermənistanla qonşu ölkələr üçün yeni iqtisadi imkanlar yaratmalıdır”- deyə Kostanyan qeyd edib.
İranın mümkün reaksiyası ilə bağlı Kostanyan qeyd etdi ki, Azərbaycan-İran sərhədinin stabilliyi hər iki ölkə arasında vacib siyasi ümumi məqam olub.
“Ermənistanın hökuməti İranın həssaslıqlarından tam məlumatlıdır və iranlı tərəfdaşlarla davamlı müzakirələr aparır. İran Prezidentinin gözlənilən səfəri zamanı Ermənistan Baş naziri və İran Prezidenti səmimi və açıq dialoq aparacaq, bütün mövcud narahatlıqları araşdıracaqlar” – deyə o, vurğuladı.
Rusiyanın reaksiyasına gəldikdə isə Kostanyan dedi ki, Ermənistan ümid edir ki, bütün tərəfdaşlar, o cümlədən Rusiya, bəyanatın imzalanmasının və Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi istiqamətində aparılan işlərin heç bir üçüncü ölkəyə qarşı olmadığını anlayacaq.
“Regional blokadanın aradan qaldırılması birbaşa qonşularımız və bölgənin digər ölkələri üçün, o cümlədən Rusiya üçün də müsbət faydalar gətirəcək” – deyə o, yekunlaşdırdı.







