
Ermənistan XİN-nin mətbuat katibi Ani Badalyan, Xarici işlər naziri Ararat Mirzoyanın Vaşinqton danışıqlarından sonra müxtəlif ölkələrdən olan həmkarları ilə keçirdiyi telefon danışıqlarını ümumiləşdirib.
Alınan məlumata görə, Badalyan X (Twitter) mikroblogunda belə yazıb:
“Vaşinqton zirvəsindən sonra Xİ naziri Ararat Mirzoyan İran, Gürcüstan, Fransa, Rusiya, Qazaxıstan həmkarları, həmçinin Avropa Komissiyasının vitse-prezidenti və AB-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi ilə danışıqlar apararaq, Ermənistan Baş naziri, Azərbaycan və ABŞ Prezidentləri tərəfindən imzalanmış üçtərəfli bəyannamədə əks olunan və əldə edilmiş razılıqları müzakirə edib”.
XİN naziri bu tarixi hadisəni, o cümlədən Sülh Sazişinin ilkin imzalanmasını salamladıqları və prosesə dəstək verdikləri üçün tərəflərə təşəkkür bildirib.
Mətbuat katibi xatırladıb ki, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında da telefon danışığı olub və bu zaman bəyannamənin həyata keçirilməsi və etimadın möhkəmləndirilməsi tədbirləri müzakirə edilib.
Ermənistan Baş naziri Nikol Paşinyan, ABŞ Prezidenti Donald Tramp və Azərbaycan prezidenti İlham Əliyev “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (Trump Route for International Peace and Prosperity – TRIPP) bəyannaməsini 9 avqust tarixində Vaşinqtonda imzalayıblar.
Xüsusilə bəyannamənin 4-cü bəndində qeyd olunur:
“Ermənistan Respublikası, öz ərazisində “Beynəlxalq Sülh və Rifah üçün Trump Marşrutu’ (TRIPP) rabitə layihəsinin həyata keçirilməsi çərçivəsini müəyyən etmək məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı razılıqla müəyyən edilmiş üçüncü tərəflərlə əməkdaşlıq edəcəkdir.
Bu məqsədə mümkün qədər tez çatmaq üçün bütün tədbirləri vicdanla həyata keçirmək qətiyyətimizi təsdiq edirik”.







