BaşlıcaTəhlil

Ermənistan rəsmiləri haqqında növbəti saxta xəbər: Prigojinin Fondu indi də Alen Simonyanı hədəfə alıb

Ermənistanın yüksək vəzifəli rəsmiləri haqqında yenidən saxta məlumatlar dövriyyəyə buraxılıb. Bu dəfə hədəfdə Milli Məclisin sədri Alen Simonyandır.

Onu amerikalı milyarder, pedofiliya ittihamı ilə həbs olunmuş və cinsi cinayətkar kimi tanınmış Ceffri Epşteynlə müqayisə ediblər. Alınan məlumata görə, bu barədə Faktların Yoxlanılması Platformasının (Fip.am) dərc etdiyi məqalədə qeyd olunub.

Platformanın verdiyi məlumata görə, “Erməni Ceffri Epşteyn. Necə Ermənistan parlamentinin sədri Alen Simonyan yüksək vəzifəli məmurlar üçün mamalıq-imperiya qurdu” adlı məqalə VT Foreign Policy/Veterans Today saytında yayımlanıb.

Burada iddia olunur ki, guya Ermənistan Parlamentinin sədri Alen Simonyan və ölkə rəhbərliyi pedofillər şəbəkəsində iştirak edir.

Qeyd olunur ki, həmin məqalə həm də Prigojinin yaratdığı “Ədalətsizliyə qarşı mübarizə Fondu”nun saytında yerləşdirilib.

“Faktların yoxlanılması platforması” məqaləni dərc edən saytın fəaliyyətini, iddiaları araşdırıb və müəyyən edib ki, bunlar əsassızdır, faktlara söykənmir və izlər Rusiyaya aparır.

 WHOIS alətinin məlumatına görə, VT Foreign Policy saytının domeni yalnız 2023-cü ildə qeydiyyatdan keçib. Saytın “Haqqımızda” bölməsində bildirilir ki, VT senzurasız “alternativ” platformadır və istənilən şəxs burada istədiyini yaza bilər.

Məqalənin əsas “mənbəsi” “Ədalətsizliyə qarşı mübarizə Fondu”nun “araşdırmasıdır”. Bu Fond “Vaqner”lə sıx bağlıdır.

Onun yaradıcısı, məlum olduğu kimi, Yevgeni Prigojindir. Fond Kremlin təsir dairəsində fəaliyyət göstərən bir qurum kimi tanınır.

Özünü “insan haqlarını müdafiə edən” təşkilat kimi təqdim edən bu fondu Mira Terada (əsl adı Oksana Vovk) rəhbərlik edir. O, ABŞ-da narkotik qaçaqmalçılığı və pul yuyulması ittihamı ilə həbs olunub, 2021-ci ildə isə Rusiyaya qayıdıb.

 Fond Qərbdə təbliğat və dezinformasiya məqsədilə sosial şəbəkələrdə tanınmış şəxslərdən istifadə edir.

Məqalədə guya “Ermənistan tarixində ən böyük pedofil şəbəkəsini” ifşa etmək üçün aylarla araşdırma aparıldığı yazılır. Amma buna dair heç bir sübut, zərərçəkənlərin ifadəsi və ya fakt yoxdur.

Hətta “müsahibə verdiyi” iddia olunan şəxslər belə anonim göstərilib. Məqalədə yayılan bir fotoda Alen Simonyanın guya azyaşlı qızlarla təsvir olunduğu iddia edilir.

 Lakin yoxlamalar göstərib ki, şəkildəki şəxs Simonyana bənzəmir. Üstəlik, foto faktı təsdiqləmir və oxşar şəkillər stock platformalarda (Alamy, Depositphotos, Dreamstime və s.) geniş yayılıb.

Analizlər göstərib ki, həmin foto süni intellektlə yaradılmış ola bilər, amma bunun ehtimalı çox aşağıdır – cəmi 2,6%.

Eyni zamanda məqalənin müəllifi barədə də ziddiyyətli məqamlar var. Fondun saytında müəllif göstərilməsə də, VT Foreign Policy-də müəllif kimi braziliyalı Lukas Leyrozun adı çəkilir.

 Onun “X” (keçmiş Twitter) səhifəsi açıq şəkildə prorus mövqeyini əks etdirir: arxa fonunda Luqanskın şəkli, profil şəklində isə Belarus prezidenti Lukaşenko var.

Leyroz həmçinin “LinkedIn” profilində qeyd edir ki, “Sputnik Radio”ya tez-tez şərhlər verir. “Radio Sputnik” isə Kremlə bağlı “Rossiya Seqodnya” media qrupunun bir hissəsidir.

Beləliklə, Ermənistan Parlament sədrinə və yüksək vəzifəli şəxslərə pedofiliya ittihamı irəli sürən bu məqalə faktlara əsaslanmır.

 Oradakı hadisələr, sitatlar və anonim “müsahibələr” şübhəli və əsassızdır. Fip.am-ın araşdırması göstərir ki, bu, Rusiyadan qaynaqlanan növbəti informasiya hücumudur.

Daha çox göstər
Back to top button