
Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri Davit Xudatyan Türkiyə nəqliyyat və infrastruktur nazirinin bu cür adlandırılan “Zəngəzur dəhlizi”nin Türkiyə, Ermənistan və Azərbaycan arasında iqtisadi əməkdaşlığı möhkəmlədəcəyinə dair bəyanatına reaksiya verib.
Xudatyan mövzuya jurnalistin sualına cavab olaraq toxunub.
SUAL: Cənab Xudatsyan, Türkiyə nəqliyyat və infrastruktur naziri Kars-Diləcik dəmiryolu xəttinin təməlqoyma mərasimində bildirib ki, bu cür adlandırılan “Zəngəzur dəhlizi” Türkiyə, Ermənistan və Azərbaycan arasında iqtisadi əməkdaşlığı möhkəmlədəcək.
Bu bəyanatı necə şərh edərsiniz?
CAVAB: Ermənistan Respublikasının ərazisində yalnız Ermənistan Respublikasının Hökuməti tərəfindən təklif olunmuş, qəbul edilmiş və təsdiqlənmiş infrastruktur layihələri həyata keçirilə və fəaliyyət göstərə bilər.
Məsələn, belə layihələr “Şimal-Cənub”, “Sülh kəsişməsi” və TRIPP proqramlarıdır. Göstərilən meyarlara uyğun olmayan istənilən adla infrastruktur Ermənistan Respublikasının ərazisində fəaliyyət göstərməyəcək.
Türkiyə, Ermənistan və Azərbaycan arasında iqtisadi əməkdaşlığa gəlincə, Ermənistan Respublikası bu əməkdaşlığa hazırdır və maraqlıdır.
Əməkdaşlığın nəqliyyat tərkibi məhz “Sülh kəsişməsi” layihəsində ifadə olunur və ondan irəli gələn layihə TRIPP — yəni “Beynəlxalq sülh və tərəqqi naminə Tramp yolu” proqramıdır.
Biz bu proqramın həyata keçirilməsinin başlanğıcına aktiv şəkildə hazırlaşırıq və 8 avqustda Vaşinqtonda qəbul olunmuş Bəyannaməyə uyğun olaraq Azərbaycanla nəqliyyat əlaqələrinin açılmasına hazırıq.
Həmin Bəyannaməni Ermənistan Respublikasının Baş naziri, Azərbaycanın prezidenti və ABŞ Prezidenti imzalayıb.
Qeyd etmək istəyirəm ki, biz açıq şəkildə Ermənistan və Türkiyə arasında Gumri-Kars dəmiryolu əlaqəsinin yenidən açılmasına da hazır olduğumuzu bəyan etmişik ki, bu da regional inteqrasiyanı daha da gücləndirəcək.







