
Ermənistanın İqtisadiyyat naziri Gevorg Papoyan, Parlamentin “Hayastan” fraksiyasının üzvü Qarnik Danielyanın “Yuxarı Lars keçə məntəqəsindən yüzlərlə yük maşınının Ermənistana qayıtdığı” iddiasını təkzib etdi.
23 avqust tarixində Qarnik Danielyan sosial şəbəkədə video yayımlayaraq bildirmişdi ki, Yuxarı Lars keçid məntəqəsindən Ermənistana qayıdan maşınlar kənd təsərrüfatı məhsulları – gavalı, şaftalı, üzümlə yüklüdür.
O, qeyd etmişdi ki, daşıyıcılara aydın səbəb göstərilmir, bitki karantini ilə əlaqəli bəzi problemlərdən danışılır. Həmçinin çoxsaylı yük maşınlarının qeyri-müəyyənlik içində hələ də keçid məntəqəsində gözlədiyini bildirmişdi.
“Avqust ayı ərzində Rusiyaya Ermənistanın meyvə-tərəvəz yüklü 762 yük maşını daxil olub və Gürcüstandan cəmi 4-ü geri qayıdıb. Qarnik can, yalan danışmaq yaxşı şey deyil” – deyərək Papoyan yazıb.
Başqa bir yazıda nazir göstərib: “Avqust ayı ərzində Rusiyaya Ermənistandan ixrac olunan mallarla yüklənmiş 2427 yük maşını (gündə orta hesabla 101 maşından çox) daxil olub, bunun tərkibi:
İçkilər: 610
Meyvələr: 447
Perlit qumu: 234
Tərəvəz: 315
Ağaclar, bitkilər: 141
Emal edilmiş meyvə-tərəvəz: 84
Daşdan, alçıdan və s. məmulatlar: 75
Balıq: 68
Elektrik və mexaniki avadanlıqlar: 79
Tütün: 21
Süd məhsulları: 19
Trikotaj: 16
və s.”
Xatırladaq ki, bu ilin mayında Gürcüstanın gömrük xidmətləri erməni konyakı ilə yüklənmiş maşınları bir aydan çox müddətə saxlamış və içkilərin nümunələrini laboratoriya analizi üçün göndərmişdi (baxmayaraq ki, mal Gürcüstanda satılmır, tranzit yolla Rusiyaya və digər ölkələrə daşınırdı).
23 iyun tarixində Ermənistanın İqtisadiyyat naziri Gevorg Papoyan gürcü həmkarları ilə danışıqlardan sonra elan etdi ki, razılıq əldə edilib:
erməni konyakı (erməni brendisi) bundan sonra qarşılıqlı qəbul edilən və proqnozlaşdırıla bilən şərtlərlə ixrac olunacaq.
İyun ayında həmçinin güllərin ixracı ilə bağlı problem yarandı. “Rosselxoznadzor” (Rusiya Kənd Təsərrüfatı Nəzarəti) bildirdi ki, Ermənistandan Rusiyaya tədarük olunan güllərin 80 partiyasının 78-də pozuntular aşkarlanıb. Həmin ayda gavalı ixracı ilə bağlı da problemlər yarandı.
Gavalı daşıyanlar Lars keçid məntəqəsində çətinliklərlə üzləşmişdilər.







