BaşlıcaSiyasət

Poğosyan: Ermənistanın ŞƏT-ə üzv olmaq müraciəti Qərbdənkənar təşkilatlarla münasibətləri inkişaf etdirmə istəyinin göstəricisidir

Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzvlük üçün müraciəti o deməkdir ki, Ermənistan anlayır – yalnız Qərb qütbləri deyil, qeyri-Qərb mərkəzləri də mövcuddur və onlarla da münasibətləri dərinləşdirməyə çalışır.

Bu barədə “APRI Armenia” analitik mərkəzinin aparıcı analitiki Benyamin Poqosyan Ermənistanın ŞƏT-ə üzvlüklə bağlı müraciətini və qarşıdakı sammitdən gözləntiləri şərh edərkən bildirib.

Ermənistan Xarici işlər nazirliyi iyulun 3-də açıqlama verərək bəyan etmişdi ki, Ermənistan ŞƏT-dəki müşahidəçi statusunu tam üzvlüklə əvəz etmək niyyətindədir.

Ekspertlər isə bu açıqlamaya cavab olaraq xatırladıblar ki, həmin beynəlxalq təşkilata Ermənistanın etibarsız hesab etdiyi və sərhədyanı bölgələrə Azərbaycanın müdaxiləsinə adekvat reaksiya vermədiyini söylədiyi KTMT üzvləri də daxildir.

 Halbuki sirr deyil ki, ŞƏT siyasi və iqtisadi qurum olmaqla yanaşı, həm də təhlükəsizlik komponentinə malikdir.

 “Ermənistan anlayır ki, dünya yalnız Qərbin ətrafında fırlanmır. ABŞ və Avropa İttifaqı ilə münasibətlərin dərinləşdirilməsi istiqamətində göstərilən bütün səylərə baxmayaraq, Ermənistanda başa düşürlər ki, qeyri-Qərb dünyası və onu təmsil edən təşkilatlar getdikcə daha böyük rol alırlar.

 Bu formalaşmaqda olan çoxqütblü, hələlik xeyli xaotik dünyada Ermənistan qeyri-Qərb təşkilatları ilə də əlaqələr qurmağa ehtiyac duyur”.

Onun fikrincə, tam üzvlük üçün müraciət bu yolun ilk addımıdır. Lakin analitik düşünür ki, yaxın sammitdə Ermənistanın tam üzvlüyü barədə qərar qəbul olunmayacaq.

Bu olduqca mürəkkəb prosesdir və bütün üzv dövlətlərin razılığı lazımdır.

Poqosyanın qiymətləndirməsinə görə, bu bir neçə il çəkə bilər. Hazırda Ermənistan təşkilatda dialoq tərəfdaşı statusuna malikdir.

O, qeyd edib ki, Avropa Birliyindən fərqli olaraq, ŞƏT-ə üzvlük üçün dəqiq hüquqi meyarlar yoxdur, burada əsas məsələ siyasi qərarlardır.

“Əgər Ermənistan ŞƏT üzvü olmaq istəyirsə, o zaman təsirli dövlətlərin razılığını almağa çalışmalıdır.

 Əsas məsələ həmin dövlətlərlə siyasi dialoq aparmaqdır ki, onlar müvafiq qərarı qəbul etsinlər” – deyə Poğosyan bildirib.

O, həmçinin xatırladıb ki, ŞƏT üzv ölkələrinin bir çoxu Ermənistanla yanaşı Avrasiya İqtisadi İttifaqı və KTMT üzvüdür.

ŞƏT əvvəlcə Rusiya, Çin və Mərkəzi Asiya ölkələri üçün əməkdaşlıq platforması kimi yaradılmışdı. Zamanla təşkilat genişlənərək daha böyük siyasi çəkidə bir quruma çevrilib.

Analitikin fikrincə, Ermənistanın üzvlüyü ŞƏT üçün də, xüsusilə də Yerevanın təşkilatın digər üzvləri ilə açıq ziddiyyətlərinin və ya maraq toqquşmalarının olmaması fonunda  maraqlı ola bilər.

“Əlbəttə, ŞƏT üzvü olan Pakistanla Ermənistanın diplomatik münasibətləri yoxdur və İslamabad ənənəvi olaraq Azərbaycana dəstək verir.

 Amma Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi istiqamətində müəyyən irəliləyişlər fonunda Pakistanın ciddi maneə yaradacağı inandırıcı görünmür” – deyə Poğosyan qeyd edib.

O, həmçinin vurğulayıb ki, iqtisadi faydaları ön plana çəkmək düzgün olmazdı, çünki təşkilatda əsas diqqət təhlükəsizlik məsələlərinə yönəlib.

ŞƏT çərçivəsində terrorizm və digər təhdidlərə qarşı mübarizə mərkəzi fəaliyyət göstərir.

Poqosyanın sözlərinə görə, Ermənistanın mümkün üzvlüyünü birbaşa iqtisadi faydalarla bağlamaq düzgün deyil. Bu, daha çox siyasi siqnal və diplomatik jestdir.

Xatırladaq ki, ŞƏT 2001-ci ildə yaradılıb. Onun üzvləri Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistandır.

Belarus isə 2024-cü il iyulun 4-də Astanada keçirilən sammitdə təşkilata rəsmən qoşulub. Müşahidəçi dövlətlər Əfqanıstan və Monqolustandır.

Dialoq tərəfdaşları arasında isə Ermənistan, Azərbaycan, Bəhreyn, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv adaları, Myanma, Nepal, BƏƏ, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka var.

Daha çox göstər
Back to top button