
Son illərdə Qafqaz regionu, o cümlədən Qarabağ müharibələri və Ermənistanla Azərbaycan arasında yaxın zamanda bağlanan sülh sazişləri də daxil olmaqla çoxsaylı hadisələrin şahidi olub.
Bu haqda Mehr agentliyi Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla İranın yüksək səviyyəli rəsmiləri arasında dünən keçirilən görüşü istinad edərək yazır.
“İran birbaşa qonşu kimi vasitəçilikdə aktiv rol oynayır və sərhədlərin toxunulmazlığı kimi beynəlxalq prinsipləri vurğulayır.
Tehranın əsas narahatlığı, Azərbaycanın Naxçıvana İranın nəzarəti olmadan çıxışını təmin edə bilən və İranın tranzit marşrutlardan təcrid olunmasına səbəb ola bilən Zəngəzur dəhlizi kimi təşəbbüslərdir” – deyə İran mətbu orqanı vurğulayır.
Mütəxəssislər hesab edirlər ki, İran Qara dənizə çıxışı qorumaq məqsədilə Ermənistanla münasibətləri möhkəmləndirmək və eyni zamanda gərginliyin qarşısını almaq üçün Azərbaycanla münasibətləri tənzimləmək məqsədilə ikili strategiya yürütməlidir.
“Eyni zamanda, regionda Amerika Birləşmiş Ştatları kimi superqüvvələrin iştirakı İranı daha aktiv diplomatiyaya sövq etmişdir. Dünənki görüşlərə bu çağırışlara cavab və regionda sabitliyin təmin edilməsində xarici qüvvələrdən asılı olmamaq vəzifəsini İranın öz üzərinə götürməsi kimi baxıla bilər.
Nəticə etibarilə, şənbə günü keçirilən görüşlər nəinki ikitərəfli münasibətləri möhkəmləndirir, həm də İranın qonşuluq siyasəti çərçivəsində Qafqazda davamlı sülhün bərqərar olmasına töhfə verə bilər.
İran İslam Respublikası inqilabi prinsiplərə və milli mənafelərə əsaslanaraq, regional təhlükəsizlik və rifahın təmin edilməsi məqsədilə qonşularla strateji əməkdaşlığın genişləndirilməyə hazırdır” – deyərək İran mətbu orqanı qeyd edir.







