Azərbaycanlı iş adamı Kubanda mülkiyyəti mənimsəməyə cəhddə ittiham olunur

“Kommersant” xəbər verir ki, Krasnodarda Kubandakı Azərbaycan diasporunun tanınmış nümayəndələrindən biri, Tuapsedəki yükdaşıma terminalının və Krasnodar “Köhnə Bakı” restoranının sahibi Şahlar Novruzovun həbsinin müddəti uzadılıb.
O, təxminən 920 milyon rubl dəyərində daşınmaz əmlakı ələ keçirməyə cəhddə ittiham olunur.
Krasnodar vilayət məhkəməsi iş adamını istintaq təcridxanasında saxlayaraq həbs-qətimkan tədbirini sentyabrın 26-dək uzadıb. Ümumilikdə o, altı ay həbsdə qalacaq. S.Novruzov külli miqdarda dələduzluğa cəhdlə bağlı cinayət işi üzrə tutulub.
İş adamının vəkili müdafiə etdiyi şəxsin pensiya yaşına çatdığını, daimi olaraq Krasnodarda yaşadığını, əvvəllər qanunla bağlı heç bir problemi olmadığını, SVO iştirakçılarına köməklik göstərdiyini və “Vətəndaş igidliyinə görə” medalının olduğunu qeyd edərək, həbs qətimkan tədbirinin yüngülləşdirilməsində israr edib.
Bununla belə, istintaq Novruzovun gizlənə və ya istintaqın gedişinə təsir göstərə biləcəyinə əmindir. İş materialları göstərir ki, onun hüquq-mühafizə və məhkəmə orqanlarında güclü əlaqələri var ki, bu da ona istintaqa potensial təsir göstərməyə imkan verir.
İstintaqın fikrincə, bu, aktivləri 919,4 milyon rubl dəyərində qiymətləndirilən şirkətin səhmlərinin 100%-ni ələ keçirmək cəhdidir. Bu məqsədlə Azərbaycanda qeydə alınmış qondarma nikahdan istifadə edildiyi bildirilir. Təqdim olunan sənədlərin saxta olduğu üzə çıxıb.







