
Yerevanda Ermənistan və Türkiyə nümayəndə heyətləri görüşüb. İki ölkə arasında münasibətlərin normallaşdırılması tarixi hadisə kimi qiymətləndirilir.
Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıc artıq 6-cı dəfə görüş keçirirlər. Kılıcı parlament sədrinin müavini Ruben Rubinyan Yerevanda yox,Markara sərhəd-keçid məntəqəsində qarşılayıb, ordan isə rəsmilər Yerevana yola düşüblər.
Münasibətlərin normallaşdırılması məsələləri üzrə Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin müzakirələri üçün seçilən yer Ermənistan Xarici işlər nazirliyinin binası olub.
Türkiyə nümayəndəsi Serdar Kılıcın görüşlərə dair ilk reaksiyası və münasibəti dərhal görüşdən sonra əksini tapıb.
O, “X” sosial şəbəkəsindəki səhifəsində Ermənistan nümayəndəsi Ruben Rubinyana səmimi qəbula görə təşəkkür edib və bir daha görüşdüyünə sevincli olduğunu vurğulayıb.
Kılıc, bu arada, Ermənistan Xarici İşlər nazirliyindən dərhal ayrılmayıb. İki dəqiqədən artıq Rubinyan və Kılıc hələ nazirliyin girişində söhbət ediblər.

Görüşün nəticələri ilə bağlı mətbuat üçün bəyanat nəzərdə tutulmayıb. Məlumatlara görə, Kılıc Yerevanda bir neçə əlavə görüş də keçirəcək.
Bir neçə gün əvvəl Ermənistan nümayəndəsi Ruben Rubinyan jurnalistlərlə söhbətində Ermənistan–Türkiyə müzakirələrinin gündəliyində olan məsələləri öncədən açıqlamışdı.
O, həmçinin nikbinlik ifadə edərək münasibətlərin hələ də normallaşmamasına heç bir səbəb görmədiyini bildirmişdi. Rəsmi Yerevan adından Rubinyan bəyan etmişdi: Ermənistan sabahdan sərhədlərini açmağa hazırdır.
“Bu illər ərzində bir neçə mövzu müzakirə olunub. Bilirsiniz ki, son görüşümüzdən sonra Kars–Gümrü dəmir yolunun bərpası üçün lazım olan texniki parametrlərin müzakirəsinə dair görüş keçirildi və bu məsələnin bütün spektri nəzərdən keçirildi.
Digər mövzu Aninin tarixi körpüsünün bərpası ilə bağlıdır. Üçüncü ölkələrin vətəndaşları və diplomatik pasport daşıyan şəxslər üçün sərhədin açılması barədə razılaşma bu günə qədər həyata keçirilməyib – bu, bizim günahımız deyil.
Amma ümid edirik ki, bu razılaşma icra olunacaq. Ümumilikdə əsas mövzu münasibətlərin normallaşdırılmasıdır və bütün proses sərhədin açılması ilə bağlıdır.”
Rubinyan–Kılıcın 6-cı görüşü məhz Margara sərhəd-keçid məntəqəsində başlayıb.

Əl sıxma Ermənistan və Türkiyəni ayıran işarələmə xəttinin yanında olub – ağ xəttin sağında və solunda.
Daha sonra Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması prosesinin xüsusi nümayəndəsi, səfir Serdar Kılıc və onu müşayiət edən nümayəndə heyəti İğdırın Alican sərhəd-keçid məntəqəsindən keçərək Margara məntəqəsindən Ermənistana daxil olublar.
Bu, Ermənistanın təxminən 1 milyard dram xərcləyərək yenidən qurduğu və uzun müddət istifadəyə verilməsini gözləyən keçid məntəqəsidir.
Ermənistan ərazisinə keçməzdən əvvəl Kılıc öz ölkəsində jurnalistlərə gözlənilən işi təqdim etmişdi – yəni erməni tərəfi ilə işin yenidən nəzərdən keçirilməsi, əvvəlki razılaşmaların təsdiqi. Kılıc həmçinin iki ölkənin iqtisadi əməkdaşlığını canlandırmaq üçün addımların müzakirəsini öncədən qeyd etmişdi.
O, adlandırılan “Zəngəzur dəhlizini” vacib hesab edərək, bunu yalnız Ermənistan və Türkiyə üçün deyil, həm də bütün Mərkəzi Asiya və türk respublikaları ilə əlaqə yaratmaq baxımından mühüm yol kimi dəyərləndirib. Sitat:
“Ən böyük istəyim odur ki, qısa müddətdə həmin xətti açmaq mümkün olsun və iki ölkənin, xüsusən də İğdır və Qarsın iqtisadiyyatına dəstək verilsin.
Ermənistan tərəfi də bu məsələlərə müsbət yanaşır, bunu hər iki tərəf üçün faydalı sayır. Bəzi layihələrin həyata keçirilməsi texniki işlər tələb edir, amma niyyət baxımından tərəflərin heç bir problemi yoxdur”.
.







