
Ermənistan–Azərbaycan sülh sazişinin mümkün qədər qısa müddətdə imzalanması möhkəmlənmiş sülhün institusionallaşdırılması istiqamətində ən ciddi addım olacaq.
Bu barədə imzalanma tarixi ilə bağlı jurnalistin sualını cavablandırarkən Ermənistan Xarici işlər nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
“O zaman, martın 13-də Ermənistan–Azərbaycan sazişinin mətninin razılaşdırıldığı açıqlananda, eyni zamanda Ermənistan tərəfi sazişin tez bir zamanda imzalanmağa hazır olduğunu bəyan etdi.
Bu yanaşma avqustun 8-də sazişin paraflanması ilə bir daha təsdiqləndi. Bu hadisə sülhün təsdiqi kimi mühüm bir məqam idi və beynəlxalq miqyasda geniş dəstək qazandı.
İmzalanma tarixi ilə bağlı Ermənistanın prinsipial mövqeyi dəyişməyib: sazişin mümkün qədər qısa müddətdə imzalanması möhkəmlənmiş sülhün institusionallaşdırılması istiqamətində ən ciddi addım olacaq” – deyə Ani Badalyan vurğulayıb.







