BaşlıcaSiyasət

Azərbaycanda illərdir ermənilərə qarşı düşmənçilik becərilir: OC Media

Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Bu sənəd diplomatik müstəvidə mühüm addım olsa da, onun ölkə daxilində necə qarşılanacağı və praktikada necə həyata keçiriləcəyi sualı açıq qalır. Bu barədə OC Media-nın məqaləsində deyilir.

“Vaşinqton görüşündən sonra Azərbaycan vətəndaş cəmiyyətində siyasi məhbusların, xüsusən də sülh fəalı Bəhruz Səmədovun azadlığa buraxılmasına ümid yaranıb. Bu gözləntiləri Ermənistanın baş naziri Nikol Paşinyanla ABŞ prezidenti Donald Trampın söhbətinin lentə alması, Azərbaycanda erməni məhbuslarla bağlı məsələnin gündəmə gəlməsi daha da gücləndirdi.

Lakin o vaxtdan bəri heç nə baş verməyib. Nə Səmədov, nə də digər siyasi məhbuslar azadlığa buraxılmayıb. Əksinə, Azərbaycan kontekstində paraflanmış sülh sazişi yalnız mənfi sülhün təzahürü kimi qəbul edilib. Çünki hələ də siyasi məhbuslar var, müstəqil media orqanları məhv edilib, sərhədlər bağlı qalıb, vətəndaş cəmiyyətinin iştirakı sıfıra enib.

Müstəqil media qurumları məhv edilərsə, əməkdaşları həbs edilərsə, sülh fəalları dəmir barmaqlıqlar arxasında qalsa, Azərbaycan cəmiyyəti Vaşinqton razılaşmalarının təmin etməli olduğu sülhü necə qəbul edəcək? Fəalların azadlığa buraxılması və müstəqil media orqanlarının fəaliyyəti real sülhə nail olmaq üçün ilkin şərt deyilmi?

2020-ci ildən “dəmir yumruq” ritorikası həm dövlət diskursunda, həm də Azərbaycan media sistemində mərkəzi yer tutur. “Dəmir yumruq” termini təkcə hərbi povest kimi deyil, həm də daxili auditoriyanı nəzarətdə saxlamaq üçün ideoloji vasitə kimi fəaliyyət göstərməyə başlayıb.

Bu ritorika təkcə ictimai müzakirələri militarist terminlərlə məhdudlaşdırmır, həm də rejimin legitimliyini şübhə altına alan istənilən səsi boğaraq onu “vətənə xəyanət” adlandırır. Məsələn, korrupsiyanı ifşa etmək və ya seçki saxtakarlığını pisləmək cəhdi “ermənipərəst” və ya “dövlətə xəyanət” etiketləri ilə yatırılır.

Eyni zamanda Əliyev müxalifəti susdurmaq üçün amansız kampaniyaya başlayıb, bir vaxtlar orada olan kiçik media plüralizmini məhv edib.

Öz növbəsində, Azərbaycanın iqtidaryönlü KİV-ləri illər boyu ermənilərə qarşı nifrət və düşmənçilik ifadələri yaymaqla “düşmən” imicini yaratmışlar. İctimai yaddaşda yerləşdikdən sonra bu cür hekayələr bir gecədə yoxa çıxa bilməz.

Sülhün əldə olunması həm də gündəlik həyatdan, iki ölkənin sadə vətəndaşları arasında qurulan sosial və vətəndaş münasibətlərindən asılıdır. Bunun üçün zəruri addımlardan biri quru sərhədlərinin açılmasıdır.

2020-ci ildən Azərbaycanın quru sərhədləri bağlı qalıb. Əliyev 2024-cü il sentyabrın 24-də sərhədlərin bağlanmasını əhalinin sağlamlığı ilə deyil, geosiyasi vəziyyətlə əlaqələndirərək, bunu daxili təhlükəsizliyin təmin olunmasının yeganə yolu adlandırıb. Bu onu göstərir ki, rejimin sərhədləri bağlı saxlamaq üçün daim yeni rəvayətlərə ehtiyacı var. Lakin onların bağlanması həm vətəndaşların həyatına, həm də sülh prosesinə mənfi təsir göstərir.

Əgər söhbət real, müsbət sülhdən gedirsə, o zaman Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması da ardıcıl olaraq ictimaiyyətə çatdırılmalı və şəffaf olmalıdır.

Bu kontekstdə Azərbaycanda sülh simvolik olaraq müsbət qarşılana bilər, lakin bir çox suallar cavabsız qalır. Məsələn, kimsə korrupsiyanı tənqid edəndə, seçki saxtakarlığından şikayət edəndə, saxtakar deputata “sən səs oğurladın” deyəndə yenə də “ermənipərəst” və ya “satqın” adlandırılacaqlarmı? Yoxsa hakimiyyət müxalifəti legitimliyindən məhrum etmək üçün yeni taktika ilə çıxış edəcək?

Ölkədə ədalət və bərabərlik olmadan xarici diplomatik sülh kövrək və qeyri-sabit olaraq qalır. Bəs 350-dən çox siyasi məhbusu olan ölkə həqiqətən dəyişə bilərmi?

Təəssüf ki, mövcud sülh prosesi davamlı sülhün əsas şərtlərindən birinin inklüzivlik olmasına baxmayaraq, “yuxarıdan aşağı” qurulur: o, təkcə hökumətin təyin etdiyi nümayəndələr deyil, həm də vətəndaş cəmiyyəti, müstəqil media və ictimai qrupları əhatə etməlidir. Əks halda “sülh” ancaq kağız üzərində qalacaq. Halbuki, həqiqi sülhə ürəkdən can atanlar ya həbsdədirlər, ya da sürgündədirlər. Beləliklə, bu gün Azərbaycanda yalnız “mənfi sülh” hökm sürür – zorakılığın müvəqqəti olmaması, lakin dərinləşən sosial ədalətsizlikdir”, – qəzet qeyd edir.

Daha çox göstər
Back to top button