
Yerevan və Tehran həm İranda, həm də Ermənistanda birgə istehsal müəssisələri və fabriklər açmaq barədə razılığa gəliblər.
Bu barədə İslam Respublikası İranın Sənaye, Mədənlər və Ticarət naziri Məhəmməd Ətabak Moskva şəhərində jurnalistin sualına cavabında bildirib.
Nazir bu barədə Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə İran arasında azad ticarət sazişi çərçivəsində aparılan işlərə və həmin kontekstdə Ermənistanla əməkdaşlığa toxunaraq açıqlama verib.
“Ermənistan Respublikası ilə ölkəmizin çox yaxşı münasibətləri var. İki ölkə arasında iqtisadi və ticarət əməkdaşlığının həcmi tədricən artır.
Yaxınlarda Prezident Məsud Pezeşkian ilə səfərimiz zamanı əməkdaşlığın bütün sahələrini müzakirə etdik – istehsal, ticarət, malların tədarükü və faydalı qazıntıların emalı.
Həmçinin qarşılıqlı investisiyalar, istehsal layihələrinin həyata keçirilməsi və bazarlarda satış imkanlarının genişləndirilməsi mövzusu da gündəmə gəldi.
Bizim həm İranda, həm də Ermənistanda birgə istehsal müəssisələri və fabriklər açmaq barədə razılığımız var” – deyə iranlı nazir qeyd edib və tərəflərin əməkdaşlıq üçün böyük potensial gördüklərini vurğulayıb.
Qeyd edək ki, bu gün – sentyabrın 24-də, Moskvada Avrasiya İqtisadi İttifaqı ilə İran İslam Respublikası arasında tamhüquqlu azad ticarət sazişinin icrası üzrə birgə komitənin ilk iclası başlayıb.
İclasın gündəliyinə İran tərəfindən Aİİ ölkələrindən malların idxalına qoyulan kəmiyyət məhdudiyyətlərinin və texniki maneələrin aradan qaldırılması, ticarətin rəqəmsallaşdırılması, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı və tərəflərin qarşılıqlı maraq göstərdiyi digər aktual məsələlər daxildir.







