
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Kreml ABŞ rəsmilərinin Ukraynaya “Tomaqavk” raketlərinin tədarükü və onların Rusiya ərazisinin dərinliklərində mümkün zərbələri ilə bağlı bəyanatlarını diqqətlə öyrənir.
Onun sözlərinə görə, raketlərin Ukrayna ərazisindən amerikalılar, yoxsa ukraynalılar tərəfindən istifadə ediləcəyini anlamaq vacibdir. Peskov həmçinin əlavə edib ki, raketlərin tədarükü cəbhə xəttindəki vəziyyəti dəyişməyəcək.
Bundan əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq “Fox News” telekanalında bildirib ki, Donald Tramp Ukraynaya Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək üçün uzaqmənzilli silahlardan istifadə etməyə icazə verib.
“Düşünürəm ki, onun dediklərini, eləcə də vitse-prezident J.D.Vens və dövlət katibi Marko Rubionun dediklərini nəzərə alsaq, cavab belədir: bəli, dərin zərbələr endirmək imkanından istifadə edin. Artıq Rusiyada toxunulmaz yer yoxdur”, – Kelloq deyib.
ABŞ-ın vitse-prezidenti J.D.Vens bir gün əvvəl Fox News-a demişdi ki, Rusiya son həftələrdə Ukrayna ilə ikitərəfli danışıqlardan və ABŞ ilə üçtərəfli görüşlərdən imtina edib.
“Biz sülhə sadiq qalırıq, lakin tanqo rəqsi etmək üçün iki nəfər lazımdır” deyən Vans Moskvanın “oyanıb reallığı qəbul edəcəyinə” ümid etdiyini vurğulayıb.
Ötən həftə “The Wall Street Journal” öz mənbələrinə istinadən yazmışdı ki, Donald Tramp Vladimir Zelenski ilə görüşdə ABŞ-ın Rusiya ərazisinə uzaqmənzilli silah zərbələri endirməsinə qoyulan məhdudiyyətləri aradan qaldıracağını istisna etməyib. Eyni zamanda, qəzetin yazdığına görə, Tramp da heç bir vəd verməyib.







