
“Mənim mövqelərim dəyişməyib”. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Parlament –Hökumət sual-cavabında, Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatları ilə bağlı mövqeyinin sərtləşib-sərtləşmədiyi sualına cavab verərkən bildirib.
“Yox, nə sərtləşib, nə də yumşalıb. 2025-ci il avqustun 8-də Vaşinqtonda qeydə alınan sənəd təkcə bizim siyasətimiz və iradəmiz deyil, həm də hesab edirik ki, bu, bir an tez, bir gün tez həyata keçirilməlidir.
Məsələ ondadır ki, bizim imzaladığımız və ilkin imzaladığımız sənədlər var. Məsələn, ‘Zəngəzur dəhlizi’ ifadəsi işləndikdə sual yaranır – bu ifadə haradan gəlib?
Açırıq, oxuyuruq Vaşinqtonda imzaladığımız sənədi. Azərbaycan Prezidentinin də, ABŞ Prezidentinin də imzaladığı sənəddə belə ifadə varmı?
Yoxdur. Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ilkin imzaladığımız sənəddə varmı belə bir ifadə?
Yoxdur. Heç bir yerdə belə ifadəni qəbul etdiyimiz sənəd yoxdur. Onda bu, nəyə görə işlədilir? Mən sadə sual verdim, dedim ki, açıqlama lazımdır – söhbət nədən gedir?
Bu barədə Milli Məclisdə də danışmışam, çünki bu, mühüm nüansdır. Əgər, misal üçün, Azərbaycanda Horadiz–Zəngilan yolunu belə adlandırırlarsa, biz özümüzə sual verməliyik – bu, bizi narahat edirmi, yoxsa yox?
Azərbaycanda adları Azərbaycan müəyyən edir, Ermənistanda isə Ermənistan. Bu da sənəddə təsbit olunub. Biz bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını tanımışıq. Buna görə də heç bir dəyişiklik baş verməyib.
Əksinə, dəyişiklik həmin ritorikada baş verib, çünki avqustun 8-dən sonra məsələlərə başqa cür yanaşmaq lazımdır.
Gərək anlayaq – niyə bu ifadə işlədirlər, cəmiyyətin əsəblərini qıcıqlandırmaq üçünmü?” – deyə Paşinyan bildirib.
Kommunikasiyaların açılmasına toxunan Paşinyan deyib:
“Biz bunu bir gün belə gecikmədən açmalıyıq. İndi biz problemsiz şəkildə qaz kəmərlərinin, boru xətlərinin, elektrik ötürücü xətlərinin layihələndirilməsinə və tikintisinə başlaya bilərik.
Dəmir yolunun layihələndirilməsini də başlamaq lazımdır və görək daha hansı infrastruktur var ki, bərpa edilməlidir.
Biz bildirmişik ki, sadələşdirmələrə hazırıq və gedəcəyik ki, gömrük-sərhəd nəzarəti dünyanın ən yaxşı müasir standartlarına uyğun olsun.
Biz sadələşdirməyə hazırıq, amma bunlar da beş prinsip ilə məhdudlaşır: suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, yurisdiksiya və qarşılıqlılıq – daxili, ikitərəfli və beynəlxalq daşımalar üçün.
Bizim iradəmiz və qətiyyətimiz heç cür sarsılmayıb. Sözlərin ətrafında mübahisə yaratmaqdansa, gəlin, razılaşdığımızı yerində həyata keçirək.
Biz bunu bir dəqiqə belə gecikmədən edəcəyik və bu istiqamətdə çox intensiv işləyirik” – deyə Paşinyan vurğulayıb.







