
Ermənistanda yaşayan gənclik firavan Ermənistan görmək, münaqişə şəraitində deyil, öz potensialını reallaşdıra biləcəyi şəraitdə yaşayan bir Ermənistan görmək istəyir.
Alınan məlumata görə, BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində PassBlue-yə verdiyi müsahibədə Ermənistan Xarici işlər nazirliyinin mətbuat katibi Ani Badalyan belə bir fikir ifadə edib.
O, 8 avqustda Vaşinqtonda Ermənistan və Azərbaycan arasında imzalanmış razılaşmalara, bu razılaşmalardan sonra atılacaq addımlara, eləcə də Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşmasına və bunun əhəmiyyətinə toxunub.
Müsahibə zamanı Ermənistan XİN sözçüsü həm Yerevan və Bakı arasında ilkin imzalanmış sülh sazişi, həm də onun yekun imzalanması ilə bağlı nikbinliyini ifadə edib, habelə müvafiq razılaşmaların kontekstini ətraflı təqdim edib.
SUAL: – Avqustun 8-də imzalanmış razılaşmanın ilkin imzalanmasından sonra hansı addımlar atılacaq?
CAVAB: – İlkin imzalanma bizim üçün mühüm mərhələ idi. Biz təsdiqlədik ki, iki ölkənin sərhədləri 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən tanınır – o zaman Sovet İttifaqı dağıldı. Biz yurisdiksiya, suverenlik, ərazi bütövlüyü və, təbii ki, sərhədlərin toxunulmazlığı kimi əsas prinsiplər üzərində razılığa gəldik.
Biz bunu gələcək iş üçün çox vacib bir baza hesab edirik. Hesab edirik ki, sülh artıq təsbit olunub. Bu, yalnız sülh sazişinin ilkin imzalanması deyil, həm də avqust ayında keçirilmiş üçtərəfli görüş zamanı – Ermənistan, Azərbaycan liderləri və ABŞ Prezidenti Trampın iştirak etdiyi görüşdə – sülhün bərqərar olunması ilə bağlı yüksək səviyyədə və qəti öhdəliklərin elan edilməsi demək idi.
Biz inanırıq ki, bu, həm biz tərəfin, həm Azərbaycan tərəfin, həm də beynəlxalq səviyyədə qarşılıqlı anlayışın göstəricisidir. Biz sülh müqaviləsinin imzalanması istiqamətində işləməyə davam edəcəyik.
Mart ayında Ermənistan bəyan etdi ki, onu imzalamağa hazırdır. Biz dərhal dedik: “Gəlin danışaq, vaxtı və yeri müəyyənləşdirək, biz imzalamağa hazırıq.”Bizim bu mövqeyimiz dəyişməyib.
Ümid edirik ki, TRIPP (“Beynəlxalq Sülh və Firavanlıq naminə Tramp Marşrutu”) layihəsinin həyata keçirilməsi regiondakı kommunikasiyaların yalnız bir hissədə deyil, ümumi regional əlaqələrdə də açılmasına töhfə verəcək.
Təkrar edirəm, söhbət yalnız Ermənistan, Azərbaycan və Cənubi Qafqazdan getmir. Bu gün ölkələr daha çox marşrutlar, alternativ əlaqələr axtarır.
Bu, Asiya ilə Avropanı və əks istiqamətdə birləşdirməyi hədəfləyən daha böyük layihələrin – o cümlədən Orta Dəhliz kimi təşəbbüslərin – bir hissəsi ola bilər.
Ermənistanda həyata keçirilən istənilən kommunikasiya layihəsi Ermənistanın suverenliyi altında qalacaq. Bu, bizim üçün çox vacibdir.
Biz digər texniki detalları müzakirə edəcəyik, necə işləyəcəyini müəyyənləşdirəcəyik, amma bu, Ermənistanın suverenliyi çərçivəsində qalacaq.
SUAL: – Azərbaycanda saxlanılan erməni məhbuslarla bağlı danışıqlar olacaqmı?
CAVAB: – Bəli, biz deyirik ki, sülh bərqərar olub, bu isə o deməkdir ki, bu sülh humanitar məsələlərin həllinə də töhfə verə bilər.
Azərbaycanda erməni hərbi əsirlər var və biz bu mövzunu ilk növbədə Azərbaycanla müzakirə edirik, müsbət həll yolları axtarırıq.
Həmçinin itkin düşmüş şəxslərlə bağlı məsələlər var. Bu humanitar məsələlər daha geniş mənzərənin bir hissəsidir və, təbii ki, bizim tərəfindən təsbit olunmuş sülhü möhkəmləndirə bilər.
SUAL: – Hazırda razılaşmaya əsasən, Rusiya hərbçiləri Ermənistanın İranla olan Cənub sərhədində patrul xidməti həyata keçirir. Sülh sazişi bu hərbçilərin çıxacağı anlamınamı gəlir?
CAVAB: – Bu məsələ Rusiya ilə ikitərəfli sazişlə tənzimlənir, buna görə də bu, bizim imzaladığımız sülh sazişinə aid deyil.
SUAL: – Sülh sazişi sayəsində Sovet dövründə yaradılmış, Ermənistanın İranla Cənub sərhədindən keçən dəmir yolunun bərpası nəzərdə tutulurmu?
CAVAB:– Əlbəttə, biz regionun logistik imkanlarını araşdırırıq. Bu, tranzit yol olacaq. Amma siz bəlkə də eşitdiyiniz mənada “dəhliz” deyil. Bu, Ermənistan Respublikasının suverenliyi altında qalacaq bir yoldur.
SUAL: – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 23-də BMT Baş Assambleyasında çıxışı zamanı Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması üzrə danışıqların yaxşı getdiyini bildirib.
Bunu təsdiqləyə bilərsinizmi?
CAVAB: – Bəli, Ermənistan və Türkiyə arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur. Biz layihələr həyata keçiririk, məsələn, sərhəddə körpünün bərpası üzərində işləyirik. Biz əlaqələrin və münasibətlərin normallaşması, sabitlik və regionda sülh barədə danışarkən daha geniş mənzərəni nəzərdə tuturuq.
Amma, təbii ki, nə edirik etsək də, məqsədimiz iki ölkə arasında münasibətlərin tam normallaşmasıdır. Bizim gözləntimiz odur ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin ilkin imzalanması Türkiyə ilə münasibətlərin normallaşmasına, yəni sərhədlərin açılmasına gətirib çıxaracaq, çünki bu çox vacibdir.
SUAL: – Bəzi azərbaycanlı rəsmilər bildirirlər ki, yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyası dəyişdirilməlidir. Bu məsələ müzakirə olunurmu?
CAVAB: – Sülh sazişində Konstitusiya barədə heç nə deyilmir. Bizim mövqeyimiz başlanğıcdan aydın olub: Ermənistan Konstitusiyası ilə bağlı heç bir problem yoxdur.
Sülh sazişi iki ölkə arasında ərazi bütövlüyünün qarşılıqlı tanınmasını nəzərdə tutur. Bu, bizim üçün dövlətlərarası münasibətlərin hüquqi əsasını təşkil edir.
Eyni zamanda, bildiyiniz kimi, Ermənistanda 2018-ci ildən hakimiyyətdə olan partiya Konstitusiya dəyişikliklərinin olacağını bəyan edib, yəni yeni Konstitusiya qəbul oluna bilər.
Amma bu, daxili məsələdir. Yeni Konstitusiyanın lehinə Ermənistan vətəndaşları səs verəcəklər.
SUAJ: – Yeni sülh sazişi necə formalaşdı?
CAVAB: – Təsəvvür edin ki, bu, çox çətin proses idi. Müharibədən sonra sülh haqqında danışmaq asan deyil, xüsusən də hələ həll olunmamış məsələlər, emosiyalar və müəyyən stereotiplər olduğu halda.
Amma təxminən üç yarım – dörd il davam edən intensiv danışıqlar aparılıb. Biz razılaşma layihələrini mübadilə etməyə və Xarici işlər nazirləri, eləcə də ölkə rəhbərləri səviyyəsində görüşməyə başladıq.
Hər bir maddə, hər bir cümlə çox detallı şəkildə müzakirə edildi. Və bu il biz bu razılığa gəldik – iki tərəf də mətn üzərində razılaşdığını bəyan etdi.
ABŞ-ın və Prezident Trampın administrasiyasının rolu çox mühüm idi, çünki onların sayəsində avqustun 8-də sammit baş tutdu. Biz ABŞ-la müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan ikitərəfli memorandumlar imzaladıq. Bəli, bu sahələrə süni intellekt, energetika və Ermənistan üçün vacib olan digər istiqamətlər daxildir.
Erməni mətbuatında rəsmilərimizə tez-tez belə sual verilir: “Zəmanət varmı?” Bizim yanaşmamız budur ki, bu razılaşma hər kəs üçün faydalar yaradır — ilk növbədə Ermənistan və Azərbaycan üçün, çünki əsas tərəflər bizik, amma həm də Cənubi Qafqazda sülh və sabitlikdə maraqlı olan, iqtisadi mənfəət əldə etmək istəyən digər ölkələr üçün.
SUAL: – Oxumuşam ki, Azərbaycan avqustda sülh sazişinin ilkin imzalanmasından əvvəl Ermənistanın Cənubuna hücuma hazırlaşırdı. Bu, doğrudurmu?
CAVAB: – O illərdə gərginliyin artdığını göstərən əlamətlər var idi. Sərhəddə atəş səsləri eşidilirdi, buna görə də istənilən anda gərginliyin baş verə biləcəyini istisna etmək olmazdı.
SUAL: – Trampın ikinci müddətində elan etdiyi digər sülh sazişlərinə baxdıqda, bəziləri daha möhkəm görünür, bəziləri isə daha çox işlənməyə ehtiyac duyur. Siz əminsinizmi ki, bu ilkin imzalanma hərtərəfli sülh sazişinə gətirib çıxaracaq?
CAVAB:– Bəli. Amma məsələ həm də icra ilə bağlıdır. Mən Ermənistan tərəfindən bunu təsdiq edərdim, amma eyni zamanda ABŞ-dan da eşidirik ki, həyata keçirmə məsələsini dərhal araşdırmaq üçün yüksək hazırlıq var.
Beləliklə, bu, sadəcə kağız üzərində deyil. Onu həyata keçirmək üçün siyasi iradə və hazırıq mövcuddur.
SUZL: – Ölkənizdə bu qədər böyük və potensial olaraq firavanlıq gətirəcək bir dəyişiklik həyata keçirən hökumətin bir hissəsi olmaq necə hissdir?
CAVAB: – Ermənistanda yaşayan gənclər firavan Ermənistan görmək, müharibə şəraitində deyil, öz potensialını reallaşdıra biləcəyi bir ölkədə yaşamaq istəyirlər. Bizim innovasiya sahəsində böyük potensialımız var və düşünürəm ki, bu fürsətdən istifadə edib Ermənistanı mümkün qədər iqtisadi cəhətdən inkişaf etmiş ölkəyə çevirməliyik.







