
“Biz məmnunuq ki, bu gün Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatlar yoxdur. ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi “Tramp Yolu” proqramına gəldikdə isə onun həyata keçirilməsi o qədər də asan deyil”.
Bu haqda Rusiya Federasiyası Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri müavini Vladimir Jabbarov bildirib.
“Çoxlu suallar yaranır, xüsusən də nəzərə alsaq ki, Trampın administrasiyası regiondan minlərlə kilometr uzaqdadır. Burada Rusiya, Türkiyə və İran var.
Buna görə də bu, sülh və əməkdaşlıq yolu olmalıdır, hər iki tərəfə – həm Ermənistana, həm də Azərbaycana fayda gətirməlidir” – deyə o, qeyd edib.
Rusiya rəsmisi bildirib ki, Rusiya Cənubi Qafqazda sabitliyin təmin edilməsində vacib rol oynamaqda davam edir.
“Rusiyanın iştirakı olmadan Ermənistanla Azərbaycan arasındakı bütün problemləri tam şəkildə həll etmək mümkün olmayacaq.
Rusiya həmişə və indi də sabit Cənubi Qafqazla, həm Ermənistanla, həm də Azərbaycanla dostluq münasibətləri ilə maraqlanan ölkə olub.
Bu yol bütün dövlətlərin inkişafı üçün istifadə edilməlidir, üçüncü ölkələrin mənafeləri üçün yox. Məncə, Tramp öz işini görmüşdür, amma indi nə baş verdiyi ilə maraqlanmır” – deyə Cabbarov açıqlamasında bildirib.







