
Beynəlxalq Cinayət Məhkəməsinin ilk prokuroru Luis Moreno Okampo, BMT-nin İnsanların Özbaşına Həbsi ilə Bağlı İşçi Qrupunun 17 fevral 2025-ci il tarixli 46/2024 nömrəli qərarına dair ekspert rəyini açıqlayıb.
Onun təhlili, WGAD-in qərarının qərəzsizliyinə şübhə yaradan maraq toqquşmasını aşkar edib. Qrup qərarında bildirilib ki, Azərbaycan tərəfindən Ruben Vardanyanın həbsi “özbaşına” deyil.
Okampo isə öz rəyində vurğulayır ki, WGAD-in hazırkı sədri Hanna Yudkivska Ukraynada “Equity Law Firm” şirkətinin həmkəridir və bu şirkət Azərbaycanın dövlət neft şirkəti SOCAR-ı təmsil edir.
Okampo açıq mənbələr əsasında araşdırma apararaq WGAD-in hazırkı sədri-qərarçısı, ukraynalı hüquqşünas Hanna Yudkivskanın qərəzsizliyi barədə şübhələr irəli sürüb.
O, qeyd edib ki, “Hanna Yudkivska İşçi Qrupuna təqdim olunan Azərbaycanla bağlı bütün işlərdən çəkilməli idi. Onun SOCAR-la əlaqələri səbəbilə maraq toqquşması var.
Bu, onunla Azərbaycan hökuməti arasında birbaşa maliyyə əlaqəsini təsdiq edir”.
Okampo həmçinin qeyd edib ki, bu vəziyyət BMT-nin qaydalarına ziddir və WGAD-in 5-ci qaydasını pozur ki, bu da maraq toqquşması olduqda şəffaflıq tələb edir.
O, bildirib ki, “Yudkivskanın bu əlaqələri açıqlamaması və ya işdən çəkilməməsi qərarın qərəzsizliyinə şübhə yaradır”.
Okampo həmçinin Yudkivskanın ərinin – korrupsiyada ittiham olunan ukraynalı siyasətçinin Azərbaycanla sıx şəxsi və siyasi əlaqələri barədə məlumat verib.
Bu şəraitdə Okampo təklif edib ki, WGAD 46/2024 nömrəli qərarını ləğv etsin və iş yenidən baxılsın.
O həmçinin qeyd edib ki, “İşçi Qrupu öz nüfuzunu qorumaq üçün bu ittihamlara ictimai cavab verməlidir və işin necə idarə olunduğu, Yudkivskanın əlaqələrini açıqlayıb-açıqlamadığı barədə əlavə məlumat verməlidir”.







