
İki ölkənin hökumətləri arasında keçirilən müzakirələrdə əsas diqqət bərpa olunan enerji, enerji səmərəliliyi, peşə-texniki təhsil, su infrastrukturasının yaxşılaşdırılması, regional idarəetmə islahatları, texnologiya sahəsində əməkdaşlıq və Almaniya Federativ Respublikasının Ermənistana texniki və maliyyə dəstəyi göstərilməsi məsələlərinə yönəldilib.
Bu çərçivədə, “Ermənistan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında 2023-cü il üçün maliyyə əməkdaşlığı haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsi təqdim edilib.
Bu haqda Ermənistan Respublikasının İqtisadiyyat naziri Gevorg Papoyan bildirib.
Onun sözlərinə görə, Ermənistana 84,6 milyon avro məbləğində qrant və kredit ayrılacaq. Bir sazişlə 69 milyon avro kredit nəzərdə tutulub ki, bunun da 66 milyon avrosu kredit, 3 milyon avrosu isə qrantdır.
15,6 milyon avro məbləğində texniki saziş əsasında qrantlar Almaniyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (GIZ) vasitəsilə veriləcək.
Gevorg Papoyanın məlumatına görə, kredit iki mərhələdə ayrılacaq:
birinci mərhələdə 26 milyon avro kredit və 2 milyon avro qrant,
ikinci mərhələdə isə 40 milyon avro kredit və 1 milyon avro qrant. Vəsaitlər “Bərpa olunan enerji və enerji səmərəliliyinin inkişafı” proqramının həyata keçirilməsinə yönəldiləcək.
Məsələ, 13 oktyabr tarixində Maliyyə-Kredit və Büdcə Məsələləri üzrə Daimi Komissiyanın iclasında müzakirə edilib. Komissiya qanun layihəsinə müsbət rəy verib və onun Parlamentin gələcək iclaslarının gündəliyinə daxil edilməsini təklif edib.







