
Ermənistan Asiya ilə Avropa arasında coğrafi baxımdan əlverişli körpüdür. Avropa Yenidənqurma və İnkişaf Bankı bu üstünlüklərdən istifadə etmək və bu istiqamətdə davamlı investisiyalar yatırmaq istəyir.
“Armenpress”in məlumatına görə, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz regionu üzrə rəhbəri, direktoru Alkis Drakinos Ermənistan İnvestisiya Şurasının təşkil etdiyi “Beynəlxalq Ticarət və İnvestisiya Forumu”nun açılışında deyib. Onun sözlərinə görə, AYİB müxtəlif proqramlar həyata keçirməklə yanaşı, Ermənistanın infrastrukturuna da diqqət yetirir.
“Biz Ermənistanın coğrafi üstünlüklərini dəstəkləmək üçün qüvvələrimizi birləşdirməkdə maraqlıyıq. Ermənistan Qafqazdadır, Qafqaz isə Asiya ilə Avropa arasında körpüdür. Biz bu istiqamətdə işləmək istəyirik. Biz bu sahəyə müəyyən sərmayələr qoymuşuq və bu, davamlı olacaq”, – AYİB-in Qafqaz regionu üzrə rəhbəri Alkis Drakinos qeyd edib.
O, çıxışında AYİB-nin uzun müddətdir Ermənistanda fəaliyyət göstərdiyini, müxtəlif proqram və təşəbbüslərdə iştirak etdiyini vurğulayıb.
“Bu günə qədər biz 2,5 milyard avrodan çox sərmayə yatıra bilmişik. Bizim həyata keçirdiyimiz layihələrin sayı tezliklə 250-yə çatacaq. İndi onların sayı 235-dir və bizim ilin sonu üçün iddialı proqramımız var”, – Alkis Drakinos qeyd edib. Sonuncunun fikrincə, Ermənistan uzun bir yol keçib və indi öz təbii yerləşdiyi yerdən, günəşdən, küləkdən və Ermənistanın ən mühüm resursları olan insanlardan istifadə edərək, həm kommunikasiya qovşağı, həm də bərpa olunan enerji mənbəyi kimi ölkə əhalisi və region üçün böyük perspektivlər açan həyat qabiliyyətli iqtisadiyyata malikdir.
Drakinosun sözlərinə görə, AYİB təşkilatın fəaliyyət göstərdiyi hər bir ölkədə şirkətlərin nəyə ehtiyacı olduğunu dinləyir. “Ermənistanda biz özəl sektora kifayət qədər yaxşı dəstək veririk. Biz özəl sektoru dəstəkləməyə diqqət yetiririk. Mən Ermənistanın kiçik və orta müəssisələrini dəstəkləməklə əldə etdiklərimizlə çox fəxr edirəm”.







