
Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan “Deutsche Welle” ilə müsahibəsində bildirib ki, “Türkiyə ilə müxtəlif səviyyələrdə – liderlər, Xarici işlər nazirləri, xüsusi səfirlər və texniki qruplar arasında çox yaxşı dialoq gedir”.
“Mən fərqli nazirliklərdən danışmıram. Dialoq heç bir şərt olmadan davam edirdi və indi də davam edir. Eyni zamanda, türk tərəfdaşlarımız vurğulayırlar ki, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməyincə sərhədlərin açılması və diplomatik əlaqələrin bərpası prosesini tamamlaya bilməzlər”.
“İndi bu həll edilib. Ermənistan-Azərbaycan sülh müqaviləsi ilkin imzalanıb. Onun mətni ilə bağlı heç bir mübahisə yoxdur. Mən şəxsən Ermənistan-Türkiyə sərhədinin açılmasında və diplomatik əlaqələrin qurulmasında heç bir çətinlik görmürəm”.
Mirzoyan qeyd edib ki, “Türk tərəfdaşlarımız da bunu təsdiqləyiblər. Onlar sərhədlərin açılması, dəmir yolu əlaqələrinin və birbaşa ikitərəfli ticarətin bərpası, həmçinin diplomatik əlaqələrin qurulması istiqamətində hazırlıq göstərirlər.
Buna görə də, güman edirəm ki, yaxın həftələr və aylarda bu istiqamətdə çox əhəmiyyətli irəliləyiş əldə edəcəyik. Bu, maksimum bir neçə ay davam edəcək prosesdir. Bu mənim fikrimdir. Görəcəyik hadisələr necə inkişaf edəcək”.







