
Monteneqro polisi 26 oktyabrda baş verən kütləvi iğtişaşlardan sonra onlarla Türkiyə və Azərbaycan vətəndaşını saxlayıb.
“The Insider” yazır ki, Türkiyə əleyhinə etirazlar Podqoritsada bir qrup əcnəbi ilə mübahisə zamanı yerli sakinin bıçaqlanmasından sonra başlayıb. Hücumda şübhəli bilinən iki nəfər – Türkiyə və Azərbaycan vətəndaşı həbs edilib.
Monteneqronun Baş naziri Milojko Spajiç hökumətin Türkiyə vətəndaşları üçün vizasız səyahəti müvəqqəti olaraq dayandıracağını bildirib.
Reuters qeyd edir ki, bazar günü onlarla Monteneqrolu küçələrə çıxaraq Türkiyə nömrə nişanlı avtomobilləri sındırıb və bir qrup türkə hücum edib. Polis daha sonra Monteneqroda qanunsuz olmaqda şübhəli bilinən 45 Türkiyə və Azərbaycan vətəndaşını həbs edib.
Polisin açıqlamasında həbs olunanlardan yeddisinin cərimələndiyi, səkkizinin isə ölkəni tərk etmələri əmr edildiyi bildirilir.







