
Ermənistanın Baş nazir müavini Mher Qriqoryan və Avropa Komissiyasının Şərq Qonşuluğu və Türkiyə məsələləri üzrə direktoru Adrian Kiralinin birgə sədrliyi ilə Hökumətdə AB-Ermənistan İnvestisiyaların Uyğunlaşdırılması Platformasının dördüncü görüşü keçirilib.
Verilən məlumatına görə, bu barədə Ermənistan Hökuməti bəyanat yayıb. Baş nazir müavini açılış nitqində çıxış edərək, AB ilə Ermənistan arasında münasibətlərin səviyyəsini yüksək qiymətləndirdi və bu kontekstdə platformanın rolunu vurğuladı:
“Ermənistan-AB siyasi dialoqu və genişlənən tərəfdaşlıq gündəmi davamlı inkişaf, iqtisadi artım və regionun davamlılığının gücləndirilməsinə yönəlmiş ortaq yanaşmalar əsasında qurulub.
Bu platforma Ermənistan Respublikası Hökumətini, Avropa İttifaqını və Beynəlxalq Maliyyə Təşkilatlarını birləşdirərək davamlı inkişafa və iqtisadi artıma kömək edən investisiyaları stimullaşdırır”.
Müzakirələr zamanı “İqtisadi İnvestisiya Planı” çərçivəsində əldə edilən irəliləyiş təqdim edilib, hazırkı və planlaşdırılan investisiya layihələrinə diqqət yetirilib.
Platformanın müzakirəsindən əvvəl Baş nazir müavini Avropa Komissiyasının AB Xarici İşlər Xidməti və Şərq Qonşuluğu üzrə yüksək səviyyəli nümayəndə heyəti ilə görüş keçirib.
Görüşdə Ermənistan-AB genişləndirilmiş tərəfdaşlıq gündəminə, o cümlədən yüksək səviyyəli siyasi dialoqun komponentlərinə toxunulub.







