
Ermənistan hökuməti məcburi hərbi xidmət müddətini 6 ay qısaldan qanun layihəsini təsdiqləyib.
Alınan məlumata görə, qanun layihəsi 30 oktyabr tarixində keçirilən iclasda Müdafiə nazirinin müavimi Arman Sarkisyan tərəfindən təqdim edilib.
Qanun layihəsi ilə sıravi heyət üçün 24 aylıq məcburi hərbi xidmət müddətinin 2025-ci ilin qış çağırışından etibarən 6 ay qısaldılaraq 18 aylıq müddət müəyyən edilməsi nəzərdə tutulur.
Sarkisyan qeyd edib: “Hal-hazırda dövriyyədə olan 2025-ci il qış çağırışı haqqında hökumət qərarı layihəsi ilə qış çağırışı çərçivəsində silahlı qüvvələrin kompletləşdirilməsi prosesinə 2026-cı il yanvarın 7-dən başlanılması nəzərdə tutulur.
Nəticədə, 2025-ci il qış çağırışından etibarən 18 aylıq müddətə məcburi hərbi xidmətə çağırılan vətəndaşlar xidməti həmin müddətə yerinə yetirəcəklər”.
Xidmət müddətinin qısaldılması 2026-cı il yanvarın 1-nə olan məlumatla məcburi hərbi xidmətdə olan vətəndaşlara şamil edilməyəcək. Qanun layihəsi Parlamentin müzakirəsi və təsdiqi üçün təqdim olunacaq.







