
Ankarada bildirirlər ki, 2026-cı ilin əvvəlində Türkiyə ilə Ermənistan arasındakı sərhəd vətəndaşlar üçün açılacaq. Bu barədə noyabrın 4-də “Orbeli 2025” beynəlxalq konfransı zamanı Türkiyə parlamentinin erməni mənşəli keçmiş deputatı Qaro Paylan bəyan edib.
“Necə sülhə nail olmaq olar? Təzyiq yolu ilə? 120 il cəhd edib öyrəndilər. Uğur əldə etmədilər. Sərhədin hər iki tərəfindəki insanlar bir-birini tanımır və nifrət ritorikası ilə qarşılıqlı danışırlar”- deyə Paylan qeyd edib.
Onun sözlərinə görə, indi Ermənistan və Azərbaycan vasitəçilər olmadan bir-biri ilə əlaqə saxlayır, erməni və türk rəsmiləri isə birbaşa ünsiyyətdədirlər.
“Bu, gerçəkləşmiş bir arzusudur. Ermənistan 1990-cı illərdə müharibəni qazandı, amma sülhü qazana bilmədi. İkinci Qarabağ müharibəsində Azərbaycan qalib gəldi, amma Azərbaycan liderləri sülhün qurulmasında da qələbə çalmaq üçün kifayət qədər müdriklik göstərə biləcəklərmi? Ermənistan sülhə hazırdır, Türkiyə də tənzimləməyə hazırdır” – deyərək o, vurğulayıb.







