BaşlıcaSiyasət

İranlı  ekspert: “ İran, Ermənistan   Cənubuyla  keçən “Tramp yolu”ndan narahatdır

İran-Evraziya Araşdırmaları İnstitutunun (IRAS) direktor müavini Armina Arm  jurnalistə müsahibəsində bildirib ki, İran Ermənistanın Cənub hissəsindən keçəcək “Tramp yolu” adlı nəqliyyat dəhlizinin mümkün geosiyasi tərəflərindən narahatdır.

Onun sözlərinə görə, narahatlıq yolun tikintisindən yox, İran sərhədlərinə yaxın ərazidə ABŞ və ya İsrailin mümkün iştirakı ilə bağlıdır.

Ekspert vurğulayıb ki, əgər bu marşrut yalnız nəqliyyat və iqtisadi məqsədlərlə istifadə olunarsa və İran-Ermənistan sərhədi dəyişməz qalarsa, Tehran üçün problem yaranmayacaq.

 “Əgər yol sırf bu məqsədlərlə istifadə edilərsə, İran buna etiraz etməyəcək və layihədən iqtisadi fayda da əldə edə bilər” – deyə Arm əlavə edib.

O, həmçinin qeyd edib ki, baxmayaraq Ermənistan bildirir ki, layihə ABŞ-ın hərbi iştirakını nəzərdə tutmur, İran ehtiyatla yanaşır.

“Tarix göstərir ki, ABŞ-ın iqtisadi təşəbbüsləri çox vaxt siyasi və geosiyasi məzmun qazanır. Bu da Tehranın narahatlığının əsas səbəbidir. İran artıq on ildən çoxdur sanksiyalar altında yaşayır və Vaşinqton regionda təşəbbüslərini İranın iştirakı olmadan həyata keçirir.

 Cənubi Qafqaz da bu tendensiyanın bir hissəsinə çevrilə bilər” – deyə ekspert vurğulayıb.

Armina Armın sözlərinə görə, İran regionda yeni gərginlik mərhələsində maraqlı deyil. “Birinci və ikinci Qarabağ müharibələrindən, eləcə də Ukrayna müharibəsindən sonra Rusiyanın bölgədəki təsiri zəifləyib, bu da yeni risklər yaradır.

 Biz istəmirik ki, Cənubi Qafqaz xarici qüvvələrin rəqabət meydanına çevrilsin” – deyə o əlavə edib.

Ekspert bildirib ki, bu layihə Ermənistan–İran münasibətlərinə ciddi təsir göstərməyəcək, çünki bu münasibətlər həmişə dostluq xarakteri daşıyıb.

“Siyasi ziddiyyətlər yoxdur və layihənin onları pozması üçün səbəb görmürəm. Tehran prosesi diqqətlə izləyəcək və nəticələrini qiymətləndirəcək” – deyə Armina Arm yekunlaşdırıb.

Daha çox göstər
Back to top button