
Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələrinin 21-22 noyabr tarixlərində Bakıya səfəri zamanı Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri ilə birgə qərar qəbul edilərək təşəbbüsün adı “Sülh körpüsü” qoyulub.
Bu haqda APA xəbər agentliyinə təşəbbüsün üzvü, Azərbaycan Milli Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli bildirib.
“Bu proses keçən ay Yerevanda başladığı üçün Bakı görüşündə qərar verildi ki, bundan sonra təşəbbüs öz adı ilə fəaliyyət göstərsin. Onun adı “Sülh Körpüsü” olacaq” — deyə İsgəndərli açıqlayıb.
Onun sözlərinə görə, Bakı görüşündə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh prosesi məsələləri müzakirə edilib, hazırki vəziyyət, danışıqların bərpasında vətəndaş cəmiyyətinin rolu və planlaşdırılan birgə tədbirlər ətraflı şəkildə müzakirə olunub.
Təşəbbüs üzvləri ilə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev arasında keçirilən görüşdə Vaşinqton görüşündən sonra hər iki ölkənin sülh gündəmini gücləndirmək üçün atdığı addımlar müzakirə edilib, rəsmi şəxs suallara cavab verib.
İsgəndərli qeyd edib ki, təşəbbüsün qeyri-rəsmi mədəni hissəsində Ermənistandan olan qonaqlar Bakıda gəzintilər ediblər, şəhərin tarixi və görməli yerlərini ziyarət ediblər, həmçinin Heydər Əliyev Mərkəzində olublar ki, bu da “onlarda böyük maraq oyatdı”.
İsgəndərli təşəbbüsün erməni və azərbaycan tərəflərinin iştirakçılarının adlarını çəkib, lakin Azərbaycan vətəndaş cəmiyyətinin beş nümayəndəsi arasında Dilərə Əfəndiyevanın adı çəkilməyib.
Onun Yerevana səfəri əvvəllər böyük rezonans doğurmuşdu, çünki məlum olub ki, o, 2022-ci ilin dekabrından Laçın dəhlizinin bağlanmasına və Qarabağ ermənilərinin blokadasına başlayan “ekoaktivistlərdən” biri olub.
Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Bakı səfərinin detallarını sabah Yerevanda keçiriləcək mətbuat konfransında təqdim etməyi vəd ediblər.







