
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Dohada Euronews telekanalına birgə müsahibə veriblər. Onlar sülh prosesindən danışıblar.
Qriqoryan deyib ki, “liderlər regiona sülh və sabitliyi necə gətirmək barədə düşünürdülər” və bu, sülhün necə institutsionallaşdırılması və irəliləyişlə bağlı müzakirələrə səbəb olub.
“Bu, böyük uğurdur və biz bunu qeyd edirik”, – deyə Qrigoryan münaqişə tərəflərinin bir-birinə inanmadıqlarını, lakin indi bu istiqamətdə iş apardıqlarını qeyd edib.
“Biz əminik ki, regional iqtisadi layihələrin həyata keçirilməsi qarşılıqlı asılılığı artıracaq və sülhü möhkəmləndirəcək, həmçinin hər iki cəmiyyətə iqtisadi fayda gətirəcək”, – Qriqoryan bildirib.
Əliyevin köməkçisi Hacıyevin sözlərinə görə, Ermənistan və Azərbaycanın Brüsseldə görüşmək üçün yaxşı fürsəti olub, bundan sonra iki ölkə liderləri sülhə doğru addımlamaq və fikir ayrılıqlarını bir kənara qoymaq qərarına gəliblər.
“Münaqişənin bu səhifəsi bağlanıb, əsl sülh hökm sürür. Azərbaycan Ermənistanla birlikdə hər iki ölkənin mənafeyi naminə regionun genişmiqyaslı iqtisadi inkişafına başlayır”, – Əliyevin köməkçisi qeyd edib.
Vaşinqtonda əldə olunan razılaşma iki ölkə arasında Tramp marşrutunun həyata keçirilməsinə gətirib çıxaracaq ki, bu da Avrasiya qitəsinin nəqliyyat xəritəsini tamamilə dəyişəcək.







