
Dekabrın 14-də Ermənistanın İrandakı səfiri Qriqor Hakobyan İslam İnqilabının Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ilə görüşüb. “Armenpress” xəbər verir ki, bu barədə Ermənistanın İrandakı səfirliyi məlumat yayıb.
Ermənistan-İran ikitərəfli münasibətlərinə toxunan həmsöhbətlər bu münasibətlərin tarixi və strateji xarakterini və onları daha da dərinləşdirmək üçün qarşılıqlı iradə olduğunu vurğulayıblar.
Görüşdə Ermənistan səfiri İranın Ali Rəhbərinin müşavirini Ermənistan və Azərbaycan arasında sülh prosesində baş verən son hadisələr barədə məlumatlandırıb. Əli Əkbər Vilayəti iki qonşu dövlət arasında münasibətlərin və regional sabitliyin normallaşdırılmasına yönəlmiş səyləri alqışlayıb.
Səfir Hakobyan regionda kommunikasiya yollarının açılması prosesinə toxunaraq, “Tramp yolu”nun dövlətlərin ərazi bütövlüyü, suverenliyi, yurisdiksiyası və qarşılıqlılığı prinsipləri əsasında həyata keçiriləcəyini və regionun qarşılıqlı əlaqəsi və iqtisadi inkişafı üçün geniş imkanlar yaradacağını vurğulayıb.
ER səfiri bir daha təsdiq edib ki, Yerevan Tehranın yuxarıda qeyd olunan prinsiplərə qeyd-şərtsiz hörmətlə bağlı birmənalı mövqeyini yüksək qiymətləndirir və dost İranın təhlükəsizlik və siyasi həssaslığını qarşılıqlı şəkildə nəzərə alır. Həmsöhbətlər regional məsələlər üzrə davamlı dialoq və məsləhətləşmələrin aparılmasının vacibliyini vurğulayıblar.







