
Ermənistan Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Levon Ayvazyanın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 15-16-da Parisdə Ermənistan-Fransa ikitərəfli strateji müdafiə məsləhətləşmələrində iştirak edib.
ER Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, məsləhətləşmələr zamanı Levon Ayvazyan Fransa Silahlı Qüvvələr Nazirliyinin Beynəlxalq Əlaqələr və Strategiya İdarəsinin yeni təyin olunmuş rəhbəri Giyom Olaniye ilə görüşüb, daha sonra nümayəndə heyətləri Baş Direktorluğun rəis müavini Erik Patener ilə müzakirələr aparıblar. 2025-ci ildə əməkdaşlıq çərçivəsində görülən işlərə yekun vurulub, növbəti il üçün proqramlar müəyyən edilib.
Tərəflər ikitərəfli əməkdaşlığa strateji məzmun və institusional xarakter verilməsinin vacibliyini vurğulayıblar.
Məsləhətləşmələr nəticəsində 2026-cı il üçün Ermənistan-Fransa Müdafiə Əməkdaşlıq Proqramı imzalanıb ki, bu da Silahlı Qüvvələrin həyati fəaliyyətinin demək olar ki, bütün sahələrində bir neçə onlarla tədbiri əhatə edir.
Yerevanda növbəti strateji müdafiə məsləhətləşmələrinin keçirilməsi barədə qərar qəbul edilib.







