BaşlıcaSiyasət

Paşinyan Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarət üçün şəraitin yaradılmasını sülhün bərqərar olunmasında ilk mühüm nailiyyətlərdən biri hesab edir

Ermənistanın baş naziri Nikol Paşinyan nəqliyyat-logistika sektorunda əməkdaşlığın inkişaf perspektivlərinə toxunaraq, bu kontekstdə baş verən əlverişli və konstruktiv dəyişikliklərin daha geniş regionun bütün ölkələri üçün yeni imkanlar yaratdığını vurğulayıb.

“Armenpress”in məlumatına görə, Ermənistanın baş naziri Avrasiya İqtisadi İttifaqının Ali Şurasının genişləndirilmiş iclasında çıxışı zamanı bu mövzuya toxunub.

“Qarşılıqlılıq, bərabərlik, suverenlik və milli suverenlik prinsiplərinə əsaslanan nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişaf perspektivlərini vurğulamaq istərdim. Bu kontekstdə qeyd etmək istərdim ki, baş verən əlverişli və konstruktiv dəyişikliklər daha geniş regionda bütün ölkələr üçün yeni imkanlar yaradır, iqtisadi sabitliyin möhkəmlənməsinə və regional kommunikasiyaların genişlənməsinə töhfə verir.

Bu xüsusda, Azərbaycan ərazisindən Ermənistana yüklərin tranzitinə qoyulmuş blokadanın götürülməsinə, habelə ikitərəfli ticarətin başlanmasına şərait yaradılmasına görə Azərbaycan Respublikasının prezidentinə minnətdarlığımı bildirirəm. Bu, regionda sülhün və sabitliyin bərqərar olunmasında ilk mühüm nailiyyətlərdən biridir”, – Ermənistan Respublikasının baş naziri bildirib.

Yada salaq ki, bir neçə gün əvvəl Gürcüstan ərazisindən keçməklə Ermənistana Azərbaycan benzininin partiyası gətirilmişdi. 22 vaqondan ibarət qatar Ermənistana 1218 ton benzin çatdırıb. Yük özəl şirkətə məxsusdur. Azərbaycan benzininin alınmasına dair razılaşma noyabrın 28-də Qəbələdə Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin görüşündə əldə olunub.

Daha çox göstər
Back to top button