BaşlıcaMədəniyyət

Londondan alınmış erməni kilsəsinə aid taxta qapı qanadı Ermənistan Tarixi Muzeyində nümayiş olunacaq

1188-ci ildə hazırlanmış və oyma ilə bəzədilmiş erməni kilsəsinə aid taxta qapı qanadı, Ermənistan Respublikasının dövlət vəsaiti hesabına Londondakı hərracdan alınaraq yaxın vaxtlarda Ermənistana gətiriləcək və Ermənistan Tarixi Muzeyində yerləşdiriləcək.

Alınan məlumata görə, bu barədə yanvarın 7-də jurnalistlərlə görüşdə Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan bildirib։

O, vurğulayıb ki, nazirliyin mühüm siyasətlərindən biri mədəni irs nümunələrinin siyahısını daim zənginləşdirməkdir։ Məhz bu məqsədlə Ermənistan hökuməti muzeylərin eksponatlarla təmin olunması üçün büdcəni bərpa edib və bunun nəticəsində dəyərli nümunəni əldə etmək mümkün olub։

“Eksponatın ayrıca sərgisi təşkil olunacaq, çünki o, nadir nümunədir։ Dünyada indiyədək bu tipdən cəmi 8 nümunə məlum idi. Bu əsər erməni ağacoyma ənənələrini nümayiş etdirir və həm naxışların icra keyfiyyəti, həm də digər detalları baxımından müstəsna dəyərə malikdir” – deyə Andreasyan bildirib və əlavə edib ki, Berlin Muzeyi ilə əməkdaşlıq planlaşdırılır, həmçinin dünyanın ən çox ziyarət edilən turizm məkanlarından biri olan Akropolda Ermənistan Tarixi Muzeyinin eksponatlarının sərgisinin təşkili nəzərdə tutulur։

Daha əvvəl Janna Andreasyan XII əsrə aid erməni kilsəsinin taxta qapı qanadı barədə danışarkən qeyd etmişdi ki, nümunənin alınması üçün Ermənistan hökumətinin qərarı ilə ehtiyat fonddan 175 milyon 360 min dram ayrılıb.

 “Oyma və ornamental sistem tam şəkildə erməni orta əsr bədii ənənələrinə və Baqratuni dövrünə xas mədəniyyətə uyğundur” – deyə o, bildirmişdi։

Nazirin sözlərinə görə, qapı qanadı 1980-ci illərin sonlarında beynəlxalq dövriyyəyə daxil olub və Nyu-Yorkda şəxsi kolleksiyada saxlanılıb։

Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirliyi beynəlxalq hərracların monitorinqi çərçivəsində erməni mədəni irsinə aid nümunələri araşdırır və imkan daxilində onların əldə olunması üçün addımlar atır։

Andreasyan vurğulayıb ki, aparılmış radiokarbon analizləri qapı qanadının tarixləndirilməsini təsdiqləyir, həmçinin onun mədəni əhəmiyyətini sübut edən elmi məqalələr mövcuddur.

 Bundan əlavə, Ermənistanlı mütəxəssis yerində araşdırma aparmaq üçün ezam olunub və nümunənin orijinallığını və müstəsna dəyərini təsdiqləyib։

Daha çox göstər
Back to top button