
Ermənistan hökuməti birmənalı olaraq Ermənistanın Avropa Birliyinin (AB) tamhüquqlu üzvünə çevrilməsini istəyir və ölkəni AB standartlarına uyğunlaşdırmaq yolu ilə irəliləyir.
Alınan məlumata görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Ermənistan və sülh: risklər və imkanların kəsişməsində” adlı təhlükəsizlik forumu çərçivəsində bildirib.
Paşinyan ötən il qəbul edilmiş, Ermənistanın AB-nə üzvlük prosesinin başlanmasına dair qanunu çox mühüm addım kimi qiymətləndirib. O, hökumətin mövqeyini belə ifadə edib:
“Biz AB-nin tamhüquqlu üzvü olmaq istəyirikmi? Bəli, birmənalı və qəti şəkildə. Bunu necə təsəvvür edirik? Biz bunun hesabatını veririk və əvvəlki dövrün təcrübəsi də göstərdi ki, heç bir ölkə geosiyasi və ya digər məqsədəuyğunluğa görə AB-nə qəbul edilmir.
Bunun üçün çox böyük və vacib bir şərt var: ölkə obyektiv olaraq Aİ standartlarına ən azı 97, 98, 99 faiz uyğun olmalıdır. Bizim strategiyamız budur ki, Ermənistanı AB standartlarına uyğun ölkəyə çevirmək yolu ilə çox möhkəm və aydın şəkildə irəliləməliyik”.
O, əlavə edib ki, bu baş verdikdən sonra siyasi qərar anı gələcək. Baş nazirin sözlərinə görə, AB qərar verə bilər ki, artıq genişlənmir, amma əks ssenari də mümkündür.
“Biz standartlara uyğun gəldiyimiz zaman iki variantımız olacaq: ya bizi Aİ üzvü kimi qəbul edəcəklər, ya da etməyəcəklər” – deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, hər iki halda Ermənistan qazanmış olur: bir halda AB-nin tamhüquqlu üzvünə çevrilir, digər halda isə üzv olmur, lakin Avropa standartlarına uyğun, müasir bir dövlət olur.
“Daha bir incə məqam: biz başa düşürük ki, eyni zamanda həm AB, həm də Avrasiya İqtisadi İttifaqının (Aİİ/EAEU) üzvü ola bilmərik.
Amma indi başqa bir reallıq aydınlaşır ki, hər halda həm bu istiqamətdə irəliləmək, həm də Aİİ üzvü olmaq üçün müəyyən məkan mövcuddur.
Biz hazırda məhz bu məkanın içindəyik. Biz açıq şəkildə bəyan edirik ki, bu yol ilə gedirik. Biz Aİİ üzvüyük və bu o deməkdir ki, hazırkı mərhələdə uyğunsuzluq yoxdur.
Buna görə də uyğunluq mümkün olduğu qədər Aİİ üzvü olaraq qalacağıq. Uyğunluğun mümkünsüz olduğu an gəldikdə isə, Ermənistan vətəndaşları ilə birlikdə, Ermənistan Respublikası xalqının azad iradəsindən irəli gələn qərar qəbul edəcəyik” – deyə Baş nazir vurğulayıb.







