
Hərçənd 2025-ci ildə Ermənistanın Baş naziri Nikol Paşinyanın ən çox səfər etdiyi istiqamətlərdən biri Rusiya Federasiyası olub, lakin rəsmi Yerevanla Moskva arasındakı münasibətlərin, belə demək mümkünsə, “sərbəst enişi” davam edir.
Bu proses KTMT-dən dəstəyin olmaması və Dağlıq Qarabağda rus sülhməramlılarından gözlənilən addımların atılmaması ilə başlamışdı.
Paşinyan–Putin görüşlərində ikitərəfli əməkdaşlığın gücləndirilməsi vurğulansa da, Rusiya mətbuatında Kremlin təbliğatın yayılması və ya “soft power” (yumşaq güc) tətbiqi üzrə proqram hazırladığı, bu proqramın əsas istiqamətlərindən birinin də Ermənistan olduğu barədə məlumatlar yayılır.
Moskva nəyi planlaşdırır – bunu anlamağa bir sıra media qurumları çalışıb.
Rusiya Prezidentinin administrasiyası xaricdə “yumşaq güc”ün genişləndirilməsini qrantlar vasitəsilə maliyyələşdirəcək və bu prosesdə xüsusi olaraq Ermənistan üzərində fokuslanacaq.
Bu məlumatı öz mənbələrinə istinadən Rusiyanın RBC-si, Qafqaz mövzularını işıqlandıran gürcü OC Media-sı yayıb. Daha əvvəl isə, 2025-ci ilin mayında, Rusiyanın “Vedomosti” qəzeti xəbər vermişdi ki, Rusiya prezidentinin administrasiyasının rəhbərinin birinci müavini Sergey Kiriyenko, sitatla desək, 2026-cı il parlament seçkiləri ərəfəsində “yumşaq güc” vasitəsilə Rusiyanın maraqlarını Ermənistanda irəli aparmaqla bağlı “tapşırıq alacaq”. Bunun nə məna daşıya biləcəyini politoloq Edqar Vardanyan izah edir.
“Yumşaq güc” əslində Amerika konsepsiyasıdır və aşağıdakı sxemlə həyata keçirilir: sən öz ölkənin cəlbediciliyini təqdim edirsən. Məsələn, Amerika həyat tərzini.
Rusiya bu gün Ermənistan cəmiyyətinin diqqətini cəlb edib Rusiyaya qarşı müsbət münasibət formalaşdırmaq üçün hansı cəlbedici amilə malikdir?
Düşünürəm ki, burada söhbət yalnız və yalnız dezinformasiya kampaniyalarından, hibrid xarakterli müxtəlif hücumlardan gedir.
Hibrid təhdid alətlərinə kiberhücumlar, iqtisadi şantaj da daxildir. Ermənistanın malik olduğu müəyyən iqtisadi asılılıq informasiya məkanında davamlı şəkildə qorxu səpmək üçün istifadə olunacaq.
Mümkün hərbi əməliyyatlardan qorxu yaradılacaq, belə bir fikir irəli sürüləcək ki, əgər siz, məsələn, Qərblə münasibətlərinizi dərinləşdirirsinizsə, bu, Rusiyaya qarşı yönəlib. Eləcə də, əlbəttə, ənənəvi mövzular – yəni Türkiyə amili ilə qorxutma”.
2026-cı ilin ilk günlərində bu, Ermənistanın Rusiyadan aldığı ikinci belə, şərti desək, təbliğat siqnalıdır.
Birincisi rusiyalı jurnalist Vladimir Solovyovun başqa ərazilərdə “xüsusi hərbi əməliyyat”, Rusiyanın təsir zonaları və, sitatla desək, “beynəlxalq hüquqa tüpürmək” barədə səsləndirdiyi qalmaqallı bəyanat idi.
Solovyov Kreml təbliğatçısı kimi mövqe tutduğu və qəbul edildiyi üçün bir çox analitik onun bu, belə demək mümkünsə, “müharibəçi” bəyanatını ictimai rəyin yoxlanılması cəhdi kimi qiymətləndirdi.
Lakin bu cəhd, görünür, uğursuz oldu. Yanvarın 11-də səsləndirilən həmin bəyanatdan və MDB-yə üzv bir sıra ölkələrdə narazılığın geniş dalğasından sonra çoxlarının diqqətindən yayınmayıb ki, Solovyovun “Rossiya 1” telekanalının efirində yayımlanan gündəlik proqramları artıq yoxdur, onun axşam proqramının yerinə seriallar göstərilir.
Bununla belə, bazar günü yayımlanan verilişi proqram siyahısında qalır.
Rəsmi olaraq heç bir məlumat verilməsə də, analitiklər informasiya sızmalarına əsaslanaraq qeyd edirlər ki, Solovyovun bəyanatları Moskvada da narazılıq yaradıb – rus diplomatlarına ünvanlanan etiraz notaları və dövlət sistemini çətin vəziyyətə salması səbəbindən.
Rusiya Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova tələsik çağırış edərək dövlət mövqeyinin Kreml təbliğatçısının fikirlərindən ayrılmasını xahiş etdi və bildirdi ki, bu bəyanat jurnalistin özəl kanalında səsləndirdiyi şəxsi fikridir.

Zaxarovanın sözlərinə görə, Rusiyanın rəsmi mövqeləri səlahiyyətli rəsmi şəxslər vasitəsilə açıqlanır.
Ermənistanda isə belə bir fikir səsləndirilir ki, Solovyovun bəyanatı məhz Kiriyenkoya tapşırılmış “yumşaq güc” siyasətinin çərçivəsinə uyğun gəlir.
Ermənistan parlamentindəki çoxluqdan deputat Lusine Badalyan deyir:
“Biz illər boyu daim onu deyəndə ki, Ermənistan Respublikası de-yure müstəqil, suveren respublika olaraq qalmaqla yanaşı, de-fakto eyni Rusiya Federasiyası üçün müstəmləkə məntiqinə doğru gedir, bizi ittiham edir, davamlı şəkildə hədəfə alırdılar.
Solovyov çox açıq şəkildə deyir: “bizim təsir zonamız”. Mənim üçün, Ermənistanın müstəqil dövlətinin vətəndaşı olaraq, son dərəcə təhqiramizdir ki, başqa bir dövlət mənim suveren, müstəqil ərazimi öz təsir zonası hesab edir və bu təsir zonasını qorumaq üçün çox yolverilməz addımlara hazır olduğunu bəyan etməyə özünə icazə verir”.
Digər tərəfdən, Ermənistan müxalifət düşərgəsindən hibrid müharibə mövzusu ilə bağlı ittihamlar məhz Ermənistan hakimiyyətinə yönəldilir.
“LusavorHayastan” partiyasının lideri Edmon Marukyanın iddiasına görə, hakimiyyət hibrid müharibə barədə diskurs yaradaraq müxalifəti neytrallaşdırmağa çalışır.
“Müharibə, hibrid, hibridlər gəlib. Təbii ki, deyirlər ki, bunu xarici qüvvələr edir, adını çəkmirlər, amma təxminən ‘işarə’ edirlər – kimdir.
Mövcud hakimiyyət öz tənqidçilərini, siyasi rəqiblərini – hətta rəqib sözünü işlətmək istəmirəm – gözdən salmaq, rüsvay etmək, sıradan çıxarmaq üçün milyonlarla dram xərcləyir. Söhbət təkcə məndən getmir”.
“Yumşaq güc” siyasətini MDB-yə üzv bir sıra ölkələrdə irəli aparmaq üçün, dərc olunan məlumatlara görə, Moskva təxminən 13 milyard rubl və ya 165 milyon dollar xərcləməyi planlaşdırır.
Qeyd olunur ki, bu, ümumi layihənin büdcəsidir və MDB-yə üzv 9 ölkədə, həmçinin Afrikada və digər regionlarda proqramın həyata keçirilməsi üçün ayrılıb.
Şərti və çox sadə hesablamayla bu məbləği bərabər bölsək, məlum olur ki, Kreml hər bir ölkədə öz təbliğat proqramları üçün təxminən 15 milyon dollar xərcləməyə hazırdır.
Müqayisə üçün xatırladaq ki, Avropa Birliyi 2025-ci ilin sonunda Ermənistana 12 milyon avro ayırmağa hazır olduğunu bildirmişdi və bunu hibrid hücumlara qarşı müqavimətin gücləndirilməsinə yönəlmiş dəstək kimi təqdim etmişdi.
Milli Assambleyanın “KP” (“Vətəndaş Müqaviləsi”) fraksiyasının rəhbəri Hayk Konjoryan hibrid müharibənin təzahürünün yeni bir nümunəsini təqdim edir:
“Siyasətdə ‘çoxbilmişlik edən’ balaca bir fəal, müəyyən dairələr dünəndən saxta məlumat yayıblar ki, guya Türkiyənin Xarici işlər naziri bəyan edib ki, Türkiyə seçkilərdə Nikol Paşinyanı dəstəkləyir.
Bax, bu, hibrid müharibədir – yalan güllələri ilə sizin düşüncələrinizə atəş açırlar, ruhunuzu, zehninizi bulanıqlaşdırırlar. Sülh əvəzinə sizə təşviş və qorxular təqdim etmək istəyirlər ki, o qorxuların üzərindən sürünərək yenidən hakimiyyətə qayıtsınlar. Buna imkan verməyəcəyik. Sülh isə olacaqdır”.
Hökumətin son iclasından sonra Ermənistanın Baş naziri Nikol Paşinyana sual ünvanlandı: Rusiyadan gələn hibrid müharibə təhlükələri ilə bağlı Ermənistanın şübhələrini o, şəxsən görüşlər zamanı Putinə çatdırıbmı və əgər çatdırıbsa, ondan hansı cavabı alıb.
Sualın bu hissəsinə Baş nazir toxunmadı, digər hissəsinə cavab verdi.

“Mən konkret sualınıza konkret cavab verməyə çalışacağam. Deyirsiniz ki, hibrid müharibənin nümunəsi nədir? Ktrıç Nersisyan hibrid müharibənin məhz, konkret nümunəsidir”.
Kremlin, belə demək mümkünsə, “yumşaq güc” tətbiqi proqramlarına qayıdaraq qeyd edək ki, bu barədə dərc olunan materiallarda bildirilir ki, sitatla, “informasiya işi aparılacaq, seçki işi yox”.
Prezident administrasiyasının maliyyələşdirməsindən əlavə, РБК-nin mənbələrinə görə, hökumət Rusiyanın Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyi – “Rossotrudniçestvo” və RT media qurumu kimi digər təşkilatların da artıq başqa formalarda töhfə verəcəyini gözləyir.
Gürcüstanın OC Media nəşri isə yazır ki, Ermənistanda yerinə yetiriləcək tapşırıqlardan biri, ehtimal ki, seçkilər ərəfəsində Baş nazir Paşinyana qarşı müxalifətin səfərbər edilməsi olacaq.
Bu, o kontekstdə diqqətəlayiqdir ki, Paşinyan 2025-ci il ərzində bir neçə dəfə Rusiyaya səfər edərək bu ölkə ilə nəzakətli münasibətləri qoruyub saxladığı halda, nüfuzlu rus şərhçilər onu sərt şəkildə tənqid ediblər.
Son aylarda faktları yoxlayan erməni və xarici mütəxəssislər Ermənistanla bağlı dezinformasiyanın artdığını müşahidə ediblər. Media ekspertlərinin fikrincə, bu axının əsas mənbələri Türkiyə, Azərbaycan və Rusiya qaynaqlarıdır.
.







