
Hindistanın Müdafiə naziri Racnat Sinq bazar günü Naqpur şəhərində yerləşən “Solar Defence and Aerospace Limited” (SDAL) zavodunda “Pinaka” idarəolunan raketlərinin ilk partiyasının Ermənistana ixracı üçün rəsmi start vermişdir. Bu barədə The Hindu Business Line xəbər verir.
Qeyd edilir ki, Ermənistan əvvəllər 4 “Pinaka” raket batareyasının tədarükü üzrə müqavilə imzalamışdı. Bu müqavilə çoxluqlu raket sistemləri və digər müdafiə avadanlıqları üçün nəzərdə tutulan idarəolunan raketlərin ixracını əhatə edir.
Raket komplekslərinin tədarükü 2023-cü ilin iyulunda başlamış və 2024-cü ilin noyabrında tamamlanmışdır. Mənbələr bildirib ki, SDAL şirkəti idarəolunan raketləri hazır olduqca Ermənistana çatdıracaq.
Təhvil vermə mərasimində Hindistanın Müdafiə naziri Racnat Sinq və SDAL-in digər yüksək vəzifəli nümayəndələri iştirak ediblər.
Xəbərdə həmçinin qeyd olunur ki, Sinq Naqpurda “Solar Defence and Aerospace Limited” (SDAL) şirkətinin orta çaplı artilleriya sursatı istehsal edən müasir zavodunun açılışını da etmişdir.







