BaşlıcaSiyasət

Parlamentin sədr müavini:  “TRIPP-də Rusiya və Türkiyənin iştirakı məsələsi müzakirə olunmur”

Ermənistan Parlamentinin sədr müavini Ruben Rubinyan bildirib ki, TRIPP layihəsində Rusiya və Türkiyənin iştirakı məsələsi müzakirə olunmur.

Alınan məlumata görə, Rubinyan bu haqda  Parlamentdə jurnalistlərlə brifinq zamanı deyib.

TRIPP layihəsində üçüncü tərəflərin, xüsusilə Rusiya və Türkiyənin iştirakına toxunan Rubinyan qeyd edib ki, belə bir müzakirə yoxdur.

“Gördüyünüz kimi, bu yaxınlarda TRIPP şirkətinin hansı prinsiplərlə yaradılacağına dair sənəd də dərc olunub. Xatırladım ki, bu, Ermənistan–ABŞ birgə şirkətidir və bu baxımdan başqa ölkənin iştirakı nəzərdə tutulmur.

Amma əgər TRIPP proqramından daha geniş faydalar əldə olunmasından danışırıqsa, burada, əlbəttə ki, həm Azərbaycan, həm Türkiyə, həm Gürcüstan, həm İran, həm Rusiya, həm Mərkəzi Asiya ölkələri, həm də Avropa ölkələri və sair fayda əldə edəcəklər” – deyə Rubinyan bildirib.

Onun sözlərinə görə, TRIPP-in işə salınması və blokadanın aradan qaldırılması nəticəsində Ermənistan İranla və Rusiya ilə dəmir yolu əlaqəsi əldə edir, Rusiya Türkiyə ilə əlaqə qurur və s.

Parlamentin sədr müavininin fikrincə, oxumağı bacaran hər kəs dərc olunmuş sənədi oxuya bilər və həmin sənəd göstərir ki, dəhliz olmayacaq.

“Xatırladım ki, son beş il ərzində narahatlıqlar əsasən üç mövzu ətrafında olub: təhlükəsizliyi üçüncü ölkə təmin edəcəkmi, yoxsa yox; müvafiq pasport və gömrük prosedurları olacaqmı; erməni sərhədçiləri olacaqmı, yoxsa olmayacaq.

Bu sənəddə açıq-aydın yazılıb ki, təhlükəsizliyi Ermənistanın müvafiq qurumları təmin edir, müvafiq pasport və gömrük prosedurları olacaq.

 Erməni sərhədçiləri və digər aidiyyəti qurumların nümayəndələri müvafiq keçid və gömrük məntəqələrində fiziki olaraq iştirak edəcəklər.

Min dəfə də vurğulanıb ki, hər şey Ermənistanın ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası çərçivəsində baş verəcək. Xüsusilə şübhə edənlər üçün qeyd olunub ki, suveren funksiyalar autsorsinq edilməyəcək. Buna görə də burada dəhliz görmək mümkün deyil” – deyə Rubinyan vurğulayıb.

.

Daha çox göstər
Back to top button