
Ermənistan və Azərbaycan nümayəndələri həmin ərazidə yerləşən dəmir yolunun texniki durumunu araşdırıblar։
Alınan məlumata görə, bu haqda hökumətin sual-cavab iclası zamanı ER Baş naziri Nikol Paşinyan “TRIPP” inkişaf şirkəti ətrafında səslənən tənqidlərə və bu mövzuda yaranan narahatlıqlara toxunarkən bildirib։
Baş nazirin sözlərinə görə, hökumət bu cür şərhləri vacib hesab edir və onları yoxlama aləti kimi qiymətləndirir։
“Biz bu şərhləri araşdırır, onların doğru olub-olmadığını yoxlayırıq və açıq şəkildə deyə bilərəm ki, bütün bu narahatlıqlar prosesin əvvəlində bizim özümüzdə də mövcud idi.
Məhz buna görə avqustun 8-də sənəd imzalanıb və yanvarın 14-də iki hökumət adından çərçivə sənədi dərc edilib, orada dəfələrlə Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyü vurğulanır” – deyə Paşinyan qeyd edib։
Nikol Paşinyan vurğulayıb ki, “TRIPP” siyasi baxımdan geniş rezonans doğursa da, ilk növbədə investisiya layihəsidir։
“Bu, hər şeydən əvvəl iqtisadi layihədir. Sənədlərin inkişaf dinamikasına baxsanız, görərsiniz ki, siyasi komponent tədricən arxa plana keçir, əsas diqqət isə investisiya və iqtisadi məntiqə yönəlir” – deyə Baş nazir bildirib։
Baş nazir xatırladıb ki, ötən həftə Ermənistan və Azərbaycan tərəflərinin nümayəndələri Yerasx–Sədərək hissəsinə səfər edərək dəmir yolunun texniki vəziyyətini araşdırıblar։
“Əgər dəmir yolunun yenidən açılması məqsədi olmasaydı, belə bir araşdırma aparılmazdı” – deyə o, vurğulayıb։
Nikol Paşinyan əlavə edib ki, müxalif dairələrin layihənin Ermənistanın blokadadan çıxmasına töhfə vermədiyi və ya ölkənin suverenliyini təhlükə altına aldığı barədə iddialarının heç bir əsası yoxdur։
“Bunlar prosesin əvvəlində bizim də yaşadığımız eyni narahatlıqlardır və məhz həmin narahatlıqları aradan qaldırmaq üçün bu prosesi başladıq.
Bu gün isə qeyd edə bilərəm ki, həmin narahatlıqlar artıq həllini tapıb” – deyə Baş nazir bəyan edib։







