
Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının rəhbəri Markus Ritter sülh müqaviləsinin imzalanması və təsdiqlənməsindən sonra artıq sərhəddə missiyalar yerinə yetirməyəcəklərini təsdiqləyir.
Paraflanmış müqavilədə tərəflərin sərhədə üçüncü ölkə qüvvələrini gətirməyəcəyinə dair bəndin olması ilə bağlı müşahidəyə cavab olaraq Ritter bildirib: “Biz belə düşünürük, baxmayaraq ki, bizimlə bağlı konkret olaraq danışıldığı bildirilmir, amma bilirik ki, sülh müqaviləsi imzalanıb təsdiqləndikdən sonra bizə artıq ehtiyac olmayacaq, sərhəddə bizə ehtiyac olmayacaq, amma sərhəd icmalarına baş çəkməyə davam edəcəyik. Sərhəd icmalarına baş çəkmək üçün işimizi davam etdirəcəyimiz barədə qarşılıqlı razılaşma var”.
Qeyd etmək lazımdır ki, Ritter tezliklə işini başa çatdıracaq. Ermənistandakı Aİ Monitorinq Missiyasının yeni rəhbərinin kim olacağı hələ məlum deyil.







