BaşlıcaSiyasət

TRIPP Cənubi Qafqazın geopolitikasını dəyişəcək: ABŞ Atlantik Şurasının məqaləsində layihənin üstünlükləri qeyd olunub

ABŞ Atlantik Şurasının saytında Şuranın Avrasiya Mərkəzinin direktoru Endryu d’Anyeri və “Turan” Araşdırma Mərkəzinin direktoru Cozef Epsteynin yazdığı məqalə dərc edilib.

 Məqalədə “TRUMP Yolu: Beynəlxalq Sülh və Rifah naminə” (TRIPP) layihəsi, onun regiona təsiri, iqtisadi və geopolitik üstünlükləri, həmçinin həyata keçirilməsinin mümkün riskləri ətraflı təqdim olunub.

Alınan məlumata görə, “TRUMP-ın qələbəsi ABŞ maraqlarının Cənubi Qafqazda irəliləməsinə necə kömək edə bilər?” başlıqlı məqalədə müəlliflər qeyd ediblər ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti TRIPP layihəsi ilə bağlı sazişi imzalayaraq onun ən həssas hissəsini qoruyublar və ABŞ-ni tənzimləyici amilə çeviriblər.

“Ermənistanın Cənubundan keçən 27 mil uzunluğundakı quru koridoru Cənubi Qafqazın geopolitikasını dəyişməyə hazırdır. 13 yanvar tarixində ABŞ Dövlət Katibi Marko Rubio və Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan “TRUMP Yolu: Beynəlxalq Sülh və Rifah naminə”(TRIPP) proqramının həyata keçirilməsi ilə bağlı detalları elan etdilər.

 ABŞ vasitəçiliyi ilə tikiləcək bu dəhliz, Avropa və Asiya arasında həyati əhəmiyyətli körpü rolunu oynayaraq, ABŞ Prezidenti Donald TRUMP-ın ikinci prezidentlik müddətinin xarici siyasətinin ən təsirli uğurlarından biri kimi tarixə düşə bilər”— deyə məqalənin müəllifləri yazıblar.

Müəlliflər fikir bildiriblər ki, Ermənistan Baş Naziri Nikol Paşinyan öz siyasi gələcəyini TRIPP layihəsi ilə bağlı sazişlə əlaqələndirib, bu da Ermənistanın real müstəqillik əldə etməsinə şərait yarada bilər.

“Azərbaycanla sülh sazişinin rus təsirindən qurtulmaq və nəticədə real müstəqillik qazanmaq üçün yeganə yol olduğunu anlayan Ermənistan Baş naziri öz siyasi gələcəyini belə bir sazişlə bağlayıb.

ABŞ yeganə dövlətdir ki, Ermənistana rus üstünlüyündən real azadlıq təklif edə bilər. ABŞ himayəsində sülh danışıqları apararaq və TRIPP-də ABŞ maraqlarını vurğulayaraq, Paşinyan və Əliyev sazişin ən həssas hissəsini qoruyublar və ABŞ-ni tənzimləyici amilə çeviriblər” —  deyə məqalədə  qeyd olunr.

Müəlliflər qeyd ediblər ki, bu addımlar Ermənistan üçün kritik bir vaxtda atılır — 2026-cı ilin iyununda ölkədə parlament seçkiləri gözlənilir.

“2026-cı ildə nəzərdə tutulan parlament seçkiləri ilə paralel olaraq Paşinyan sülh və Qərblə əlaqələr qurmaq səylərinin uğurla nəticələndiyini göstərməlidir” — deyrək müəlliflər yazıblar.

Məqalədə həmçinin qeyd olunub ki, Rusiya bu seçkilərdən əvvəl informasiya vasitələri və yalan xəbərlərlə Ermənistan Baş Naziri Nikol Paşinyana qarşı təzyiqlərini artırmağa başlayıb və Moskvanın seçkilərə qədər bu səyləri genişləndirəcəyi proqnozlaşdırılır.

Məqalənin müəllifləri həmçinin 13 yanvar tarixində Vaşinqtonda TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı bəyannamənin imzalanmasının əhəmiyyətinə diqqət yetiriblər və onun həm Yerevanın , həm də Vaşinqtonun maraqlarından irəli gəldiyini bildiriblər.

“Bu saziş hər iki tərəf üçün faydalı olmalıdır. Ağ Ev amerikalıları inandıra bilər ki, onlar Cənubi Qafqazda ABŞ diplomatik iştirakından iqtisadi üstünlüklər əldə edirlər və amerikan şirkətləri üçün yeni imkanlar yaradırlar.

Eyni zamanda, Paşinyan sazişi yüksək keyfiyyətli “Qərb investisiyalarını infrastruktura cəlb etmək vasitəsi kimi təqdim edə bilər, bu da onun “Sülh kəsişməsi” təşəbbüsü ilə əlaqələndirilir və Ermənistanın regional nəqliyyat qovşağı kimi mövqeyini gücləndirə bilər, eyni zamanda erməni ərazisi üzərində nəzarəti qoruyur” — deyə məqalədə ətraflı izah olunub.

Məqalədə həmçinin qeyd edilib ki, TRIPP layihəsi təkcə Ermənistan və ABŞ üçün deyil, həm də bütün Xəzər regionu üçün dolayı faydalar gətirə bilər:

“ABŞ hökuməti özəl şəkildə Orta Dəhlizə — multimodal ticarət marşrutuna, Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan və Gürcüstanın infrastruktur qovşaqları vasitəsilə Türkiyə və Avropaya birləşdirən yoluna dəstək verir.

Vaşinqton və onun avropalı tərəfdaşları Orta Dəhlizi Asiya ilə quru ticarətində Rusiyanı dövrə vurmaq üsulu kimi qiymətləndirirlər, o cümlədən Mərkəzi Asiyadan kritik xammal və nadir torpaq elementlərinin potensial ixracını nəzərə alaraq.

Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri qlobal bazarlarla daha yaxşı inteqrasiya yolu ilə rifaha çatmaq istəyirlər. TRIPP Qafqazdan keçən başqa bir marşrut təqdim edir, nəqliyyat sistemlərinin tutumunu artırır.

Çünki Azərbaycan və Qazaxıstan ticarət tələbatını ödəmək üçün liman imkanlarını genişləndirmək üzərində işləyirlər. TRIPP layihəsinin uğurlu həyata keçirilməsi Mərkəzi Asiyadan Avropaya və ondan da kənara mal və strateji xammalın tədarükünün dəyərini və sürətini artıracaqdır”.

Məqalənin müəllifləri vurğulayıblar ki, bu saziş və layihənin həyata keçirilməsi ilə həm Ermənistan, həm də Azərbaycan öz suverenliyini həyata keçirmək və iki ölkə xalqlarının maraqlarına uyğun siyasət yeritmək azadlığı əldə edə bilər.

Daha çox göstər
Back to top button