
Azərbaycanda saxlanılan 4 erməni əsirin azad edilməsi bizə hələ də Azərbaycanda saxlanılan qalan 19 nəfərin azad olunacağına ümid verir.
Həmçinin bu əməkdaşlıq çərçivəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına imkan yaradacağını düşünürük. Bu, şübhəsiz ki, barışıq prosesinə mühüm töhfə olacaq.
Bu barədə Ermənistan Respublikasının Xarici işlər naziri Ararat Mirzoyan AŞ PA-nın iclası zamanı bildirib.
Regional sülhün möhkəmləndirilməsi kontekstində Ermənistanın XİN rəhbəri Ermənistan–Türkiyə münasibətlərindən də danışıb.
“Ermənistan Türkiyə ilə münasibətlərin tam normallaşdırılmasına qəti şəkildə sadiq qalmaqda davam edir. Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması prosesində ardıcıl irəliləyiş, o cümlədən sərhədin tam açılması, diplomatik münasibətlərin qurulması və Gümrü–Qars dəmir yolunun bərpası regional sabitliyin möhkəmləndirilməsi və rifahın təmin olunması baxımından mühüm töhfə olacaq” – deyə o, bildirib.







